"Niyaməddin Orduxanlı ləyaqətli və təcrübəli siyasətçilərdən biridir"

7 Fevral 2020 14:18 (UTC+04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. AzNews.az həmin müsahibəni oxuculara təqdim edir:

- Qüdrət bəy seçkilərdə təbliğat kompaniyası artıq başa çatır,namizəd olduğunuz 36 saylı Xətai dördüncü seçki dairəsində mövcud vəziyyət necədir? Şanslarınızı necə qiymətləndirirsiniz? Hansısa təxribatla üzləşmisinizmi?

- Ümid edirəm, seçicilər mənim parlamentar kimi bu günə qədər olan fəaliyyətimi düzgün qiymətləndirib, mənə yenidən etimad göstərəcəklər. Mən öz fəaliyyətimdə həmişə sadə insanların və dövlətimizin maraqlarını əsas götürmüşəm. Xarici düşmənlərimizin, daxildəki mafioz və pozucu qüvvələrin fəliyyətinin əsas məğzini açıb, onları ifşa etmişəm. Hökuməti destruktiv qüvvələrin şantajından çəkinməməyə və islahatları genişləndirməyə çağırmışam. İslahatlara dəstək verməklə yanaşı, onun əsas istiqmətləri barədə təkliflər vermişəm, qanunların və qərar layihələrinin müzakirəsində aktiv iştirak etmişəm. İnsanlarımızı narahat edən problemləri göstərməklə yanaşı, onun nədən qaynaqlanması və həlli yolları barədə öz fikirlərimi demişəm. Ölkəmizi NATO Parlament Assambleyasında və Avropada Mühafizəkarlar və İslahatçılar Alyansında ləyaqətlə təmsil etməyə çalışmışam. Təsadüfi deyil ki, parlamentin fəaliyyətini işıqlandıran jurnalistlər hər il məni ilin ən fəal deputatlarından biri seçiblər. Bununla yanaşı, mətbuatda rəqiblərimdən kimsənin seçki qərargahının olması və hansısa formada təbliğat aparması barədə məlumata rast gəlməmişəm. Mənim Yaşar Kələntərli, Elçin Mirzəbəyli,Yeganə Mehdibəyli və adlarını çəkmədiyim digər partiya funksionerləri başda olmaqla seçki qərargahımın 50-dən çox üzvü və BAXCP fəalları fədakarcasına seçki platformamı seçilərə çatdırıb, onlarla görüşlərimi təşkil ediblər. Onlara öz təşəkkürümü bildirirəm. Təbliğat kampaniyası zamanı minlərlə seçici ilə üzbəüz görüşlərim olub və hamısından böyük hörmət görmüşəm.
Təxribatla üzləşməyimə gəldikdə isə, hələlik belə hal olmayıb. Əlbəttə, bu və digər məqsədlər naminə namizəd olmuş şəxslər var. Hər bir prinsipial mövqeyi olan siyasətçinin ləyaqətli rəqibləri olduğu kimi siyasi düşmənləri də olur. Mən də istisna deyiləm. Ola bilsin ki, seçki günü zaman-zaman ifşa etdiyim siyasi dələduzlar və mafiozlar tərəfindən hansısa namizədlərdən istifadə etməklə seçkilərin üzərinə kölgə salınmasına cəhd edilsin. Amma belə cəhdlər olarsa, əminliklə deyə bilərəm ki, onların qarşısı qətiyyətlə alınacaq, təxribatçılar isə ifşa edilərək layiq olduqları cəzanı alacaqlar. Ancaq rəqiblərimin özlərini ləyaqətlə aparacaqlarına ümid etmək istərdim.

- Qüdrət bəy, müavininiz Niyaməddin Orduxanlının bəzən təhqirlərə adekvat cavab verməsinə münasibətiniz necədir?

- Niyaməddin bəy partiyamızın rəhbərliyində təmsil olunan ləyaqətli və təcrübəli siyasətçilərdən biridir. Son dərəcə mədəni, alicənab və güvəniləsi bir insandır. Öz prinsipiallığı ilə seçilən Niyaməddin bəy həmişə olmasa da, bəzən başqa yol qalmayanda, qeyd etdiyiniz kimi, tərbiyəsizlik edənlərə onların başa düşdüyü dildə cavab vermək məcburiyyətində qalır. Seçkilər ən böyük siyasi hadisə olsa da onun rəqibləri barədə kiçik bir hörmətsizliyini gördünüzmü? O Qaradağ rayonunda 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəddir. Mən ona və seçkilərə qatılmış BAXCP-nin bütün namizədlərinə uğurlar arzu edirəm.

- Qüdrət bəy, Cəmil Həsənli, Əli Kərimli və digər vaxtilə deputat olmuş şəxslərin 9 fevralda seçiləcək şəxslərin əslində təyin olunacaqları ilə bağlı verdikləri açıqlamalara münasibətiniz necədir?

- Gözəl bir məsəl var: "Tülkünün ağzı üzümə çatmayanda deyir turşdur”. Əvvəla, soruşmaq lazımdır ki, bəs siz vaxtilə necə deputat seçilmişdiniz? Seçkilərin saxtalaşdırılmasını iddia edirsinizsə, o zaçam gərək əvvəllər saxta yolla mandat aldığınızı etiraf edib xalqdan bağışlanmanızı rica edəsiniz.
İkincisi, Cəmil Həsənli deputat mandatına görə AXCP-dəki müavinliyinə, Əli Kərimli isə imzasına tüpürərək gedib parlamentdə oturmuş şəxslərdir. Gənclər mənim dediklərim üzərində kiçicik bir araşdırma aparsalar yaxşı olar.
Bununla yanaşı mən hesab edirəm ki, növbəti seçkilərə qədər biz siyasi islahatları genişləndirməklə yeni konstitusiya və yeni seçki məcəlləsi qəbul etməli, proporsional seçki sistemini bərpa etməliyik. Seçkilər zamanı çoxlu təsadüfi adamların namizədliyini irəli sürməsi və seçicilərlə görüş zamanı namizədlərə olan hücumlar mojaritar sistemdən imtinanın zəruriliyini bir daha ortaya qoymuş olur.
Mojaritar seçki sisteminin ən böyük qüsuru həm də ondan ibarətdir ki, o çoxpartiyalı sistemin inkişafına heç bir töhvə vermir və nəzəri cəhətdən mümkündür ki, bir partiya ölkədə seçicilərin səslərinin 49%-i alsın, amma parlamentdə bir nəfərlə belə təmsil olunmasın.