Əlibaba Məmmədov: "70 il xalqımıza xidmət etmişəm"

11 Fevral 2020 21:48 (UTC+04:00)

"Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir".

AzNews.az xəbər verir ki, bunu Xalq artisti Əlibaba Məmmədov Prezident İlham Əliyev ona “Şərəf” ordenini təqdim edərkən deyib.

"Haqqımda dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir. İnanın, mən danışan adamam, amma Sizin qarşınızda danışa bilmirəm. Bu gün mənim sənətimin bütün tərəflərindən söz açdınız. Elə danışdınız ki, sanki məni böyük bir musiqiçi təriflədi, var olun. Çox sağ olun ki, bizim xalq musiqimizə, xalqımızın sənətkarlarına belə böyük hörmət edirsiniz. Var olun, var olsun Mehriban xanım. Vallah, Mehriban xanımın bizə gəlməyini mən indi də yuxu kimi bilirəm. Hamı deyir, bu, doğrudan da çox böyük əks-səda doğurub. Hara gedirəmsə, hamı o görüşdən danışır. Allah saxlasın. Mənim arzum budur ki, Allah-Təala Sizi xalqımıza, bizə çox görməsin. Allah Sizi qorusun ki, bizim xalqımız daha xoşbəxt olsun. Ölkəmiz gündən-günə inkişaf edir, gözəlləşir. Vallah, xariqələr yaradırsınız. Mən bakılıyam, Bakıda böyümüşəm, amma bugünkü Bakını tanıya bilmirəm. Vallah, mən qəlbən danışan adamam. Mən heç vaxt nə yalan danışmıram, nə də bir adama pislik etmirəm. Bu, mənim idealımdır. Odur ki, mən bundan böyük hörmət görməmişəm, görə də bilmərəm. Bir daha hər ikinizə “Sağ olun!” deyirəm, Allah Sizi qorusun", - Xalq artisti deyib.