Güləşçilərimiz Avropa çempionatında məğlub oldu

12 Fevral 2020 18:32 (UTC+04:00)

Azərbaycanın qadın güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

AzNews.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsindəki Türkan Nəsirova 1/8 finalda Emiliya Alina Vuka (Rumıniya) uduzub.

Elmira Qəmbərova (59 kq) isə Ukrayna təmsilçisi Angelina Lisakla (Ukrayna) bacarmayıb - 4:10. Hər iki azərbaycanlı pəhləvan yenildikləri rəqiblərin finaladək irəliləyə bilməmələri səbəbindən mübarizəni dayandırıb.

68 kq-da yarışan İrina Netreba da ilk görüşdə məğlub olub. O, ukraynalı Alla Çerkasovanın müqavimətini qıra bilməyib - 4:5. Güləşçilərdən yalnız Sabirə Əliyeva mərhələ adlaya bilib. 76 kq çəki dərəcəsindəki idmançı yunanıstanlı Aykaterini Pitsiavaya qalib gəlsə də, rusiyalı Yekaterina Bukinaya məğlub olub.

Çerkasova və Bukina finala çıxsa, Netreba və Əliyeva təsəlliverici görüşlərə qatılacaqlar.

Qeyd edək ki, daha öncə Azərbaycan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. 82 kq-dakı Rafiq Hüseynov isə finala yüksəlib. Hüseynov bu gün qızıl medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Daniel Tixomirov Aleksandrov ilə üz-üzə gələcək. Murad Bazarov (60 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar. Onlar müvafiq olaraq Haleri Haegisalu (Estoniya) və Adam Kurakla (Rusiya) üz-üzə gələcəklər.