Dövlət başçısı: "TANAP-ı uğurla başa çatdırdıq"

14 Fevral 2020 22:32 (UTC+04:00)

"Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

"Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik", - dövlət başçısı qeyd edib.