Musayevlərlə Təranə Qumral davasından yeni məlumatlar

25 May 2013 10:00 (UTC+04:00)



Müğənni Təranə Qumral və Musayevlər arasında başlanan qalmaqal nəhayət ki, məhkəməsiz, qansız-xətasız sona çatdı. Belə ki, tərəflər ağ bayraq qaldıraraq, barışıq müqaviləsi bağlayıblar.

Bu barədə məlumatı AzNews.az-a xalq artisti Niyaməddin Musayevin qardaşı oğlu Əli Musayev verib. Onun sözlərinə görə, bu barışıq müqaviləsinin imzalanmasında N.Musayevin böyük rolu olub: "Əmim gəldi, hamı bir yerə yığıldı. Bütün baş verənlər müzakirə olundu. Əmim bu ailənin böyüyüdür, ağsaqqalıdır. Onun sözündən kimsə çıxa bilməz. Hər iki tərəf danlandı. Ən çox ittiham isə Musanın üstündə qaldı. Əmim ona dedi, bütün işləri sən qarışdırmısan, ailənin bütün sirrini sən açmısan".
Niyaməddin Musayev ailə toplantısında məsləhət görüb ki, baş verən ailə qalmaqalı ilə bağlı Cabbar Musayev və Təranə Qumral internet saytlarında müsahibə versin, bu yolla barışsınlar. Xalq artistinin qardaşı oğlu bildirib ki, artıq Musayevlər ailəsi ilə Təranə Qumral arasında heç bir məhkəmə olmayacaq: "Təranə ərizəsini geri götürəcək. Əmim də kanalda canlı yayımda qonaq olub, hadisələrə aydınlıq gətirəcək".

Ə.Musayev onu da qeyd edib ki, bununla belə, nə o, nə də Musayevlər bundan sonra heç vaxt Musa Musayev və Təranə Qumralla danışmayacaq: "Əmim dedi ki, sakitlik yaratmaq üçün bu addımı atmaq lazımdır".

Bahar Rüstəmli
AzNews.az