Sözünə güvənilməz ziyalının islahatlara ziyanı- Taleh ŞAHSUVARLI YAZIR

16 Fevral 2020 16:12 (UTC+04:00)

Milli Məclisin V çağırışının fəaliyətinə erkən xitam verilməsi, ölkədə növbədənkənar parlament seçkilərinin təyin edilməsi cəmiyyətimizdə bir ruh yüksəkliyi, inam yaratmışdı. Siyasi hakimiyyətin ən yüksək pillələrindən elan edilmişdi ki, Milli Məclisin V çağırışdakı tərkibi ölkədə aparılan islahatlara adekvat deyil, erkən parlament seçkiləri reformist siyasətin inkişafına xidmət edəcək, təkan verəcək tarixi zərurətdir. Bəli, Milli Məclisin “zamanın ruhu”ndan böyük məsafədə geri qalan əksər üzvlərinə ictimai etirazın son dərəcə yüksək olmasını bu ölkədə görməyən, müşahidə etməyən, dilə gətirməyən yox idi. Azərbaycan prezidenti İlham Əliyevin savadlı, müasir, vətənpərvər yeni nəsil nümayəndələrinin idarəçilikdə önünün açılması üçün yetərincə yaşlanmış vəzifə sahiblərinə çağırış etməsi, ardınca, sadalanan kriteriyaların daşıyıcısı olan yeni nəsil nümayəndələrini parlament seçkilərində fəal iştiraka səsləməsi içi mən qarışıq çoxlarında belə bir ümid yaratmışdı ki, yaşı 70-dən yuxarı olan Milli Məclis üzvləri yenidən deputat olmaq həvəsinə düşməyəcəklər.

Çox gözəl bir örnək də vardı. Azərbaycanın gəlmiş-keçmiş ən yüksək səviyyəli fiziklərindən olan, Qərb siyasi mühitini hələ sovet dövründən etibarən dərindən tanıyan, diplomatik sahədəki bacarıqları, peşəkar məziyyətləri, hətta Əbülfəz Elçibəy iqtidarı zamanı da diqqətdən kənarda qalmayan, müstəqil Azərbaycanın ABŞ-dakı ilk səfiri, 2006-cı ildən Xarici işlər nazirinin müavini olan Hafiz Paşayev dövlət başçısının kadrların gəncləşdirilməsi ilə bağlı çıxışından sonra əsl ziyalı səmimiyyəti ilə istefa ərizəsi yazmış, görəvindən azad olunmasını Prezidentdən xahiş etmişdi. Azərbaycan parlamentində istər dövlət, istərsə də hakimiyyət üçün çox hörmətli Hafiz Paşayevdən daha önəmli bir adam olmadığından, yaşı 80-ni haqlamış parlamentarilərin də “meydanı cavanlara verək” motivasiyası ilə hərəkət etməsinə gərək vardı. Ancaq özlərində səmimiyyət, cəsarət tapmadılar, dövlət və hakimiyyət üçün son dərəcə vacib olan təmənnasızlıq, alicənablıq sərgiləyə bilmədilər. Tələsməyin, mütləq ad çəkəcəm. Biri elə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputat olduğu son 15 il ərzində cəmi 23 seçicinin səsini halallıqla qazanacaq bir əməl sahibi olmayan, iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq təklifləri ilə deyil, Latviyada qeydiyyatdan keçib Bakıda vətəndaşlara pul “atan” “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin rəhbəri Bəyəli Mürsəlova (köməkçisinin oğludur) “krışa”lıq etməsi ilə gündəmə gələn Ziyad Səmədzadə!

1991-ci ildə Azərbaycanın müstəqil yaşayacağına inanmayan, parlamentdə mürgüləyən şəkli ilə tuş gəldiyi böyük ictimai qınağı eyninə almayan, Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin rəhbəri olaraq Azərbaycanda islahatların aparılması zərurətini yaradan neqativ faktorların formalaşması baxımından bilavasitə siyasi məsuliyyət daşıyan 80 yaşlı sovet ekonomisti öz namizədliyini hər kəsdən öncə irəli sürdü, doğru-dürüst imza toplaması şübhə altında olsa da, dərhal qeydə alındı, posterlərini bir gecənin içində MİK fəhlələrinin əli ilə təşviqat lövhələrinə ən başdan yapışdırtdı. Kifayət qədər səliqəsiz, zövqsüz, müasirlikdən, kreativlikdən əsər-əlamət olmadan hazırlanmış posterində Ziyad Səmədzadənin təşviqat şüarı belə idi: “Ziyalı sözünə güvənək”! Nə gizlədim, o şüarı görər-görməz yadıma Fransa yəhudisi, filosof və yazıçı Jülyen Bendanın məşhur “Ziyalıların xəyanəti” əsəri düşmüşdü. Yuxarıda söylədiyim səbəblər üzündən Səmədzadənin sinninin bu vədəsində seçkidə iştirakı, sadəcə olaraq, xəyanət idi- xalqa, dövlətə, hakimiyyətə, islahatlara açıq xəyanət!!!

Bu xəyanət birinci idimi, ilk idimi? Əlbəttə, yox! Məgər sonralar Mixail Qorboçovun iqtisadi məsələlər üzrə məsləhətçisi olacaq, Qarabağ məsələsində Azərbaycan xalqına düşmən mövqeyi ilə seçilən Abel Aqanbeqyanın 50 illik yubileyini 1982-ci ildə Bakıda təmtəraqla təşkil edən o olmamışdımı? Mərhum Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə tədqiqatlar aparıb iqtisadi inkişafı tərənnüm etdiyi halda, Ə. Vəzirov vəzifəyə gələr-gəlməz öz elmi araşdırmalarını təkzib edən, H. Əliyevin Azərbaycan KP-nın Baş katibi olduğu zaman dilimində respublika iqtisadiyyatının 1,7 dəfə çökdüyünü hayqıran da eyni adam deyildimi? Zira, Səmədzadə Azərbaycan xalqına ən böyük xəyanətini çox da uzaq olmayan keçmişdə- 90-cı illərin əvvəllərində etmişdi. O, SSRİ-nin saxlanılması üçün 1991-ci ilin martında keçirilmiş referendumun əsas təşviqatçılarından biri idi. Bu barədə “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlu bir açıqlamasında deyir:

“Yaxşı və dəqiq yadımdadır, Heydər Əliyev müsahibələrinin birində deyirdi ki, mən 1991-ci ildə, Ali Sovetdə Azərbaycanın müstəqilliyi haqqında çıxış edəndən dərhal sonra Ziyad Səmədzadəni mənim əleyhimə danışdırdılar”.

Ancaq bu həyatdır, sular axır, çatlar örtülür. Hər bir azərbaycanlının prezidenti olan İlham Əliyev öz xeyirxah qəlbi ilə gün gəlir Ziyad Səmədzadəyə bioqrafiyasındakı qara ləkələri təmizləmək fürsəti verir. Nəticədə o, 2005-cu ildə müstəqil Azərbaycanın parlamentinə üzv olur. Və... “AzərTac” 26 may 2008-ci ildə məlumat yayır:

“Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadənin rəhbərliyi altında akademik Əhməd Mahmudovun respublika iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş bir sıra əsərləri toplanaraq nəfis tərtibatla kitab şəklində çap olunmuşdur”.

Əhməd Mahmudovun kim olduğunu çoxları bilir, amma yenə də xatırlatmaqda yarar var. O, Azərbaycanın dövlət təhlükəsizlik sistemini çökdürmüş, sahibkarlara qan uddurmuş, maliyyə bazarında dövlətimizi ağır problemlərlə üz-üzə qoyan ciddi təxribatlar törətmiş Eldar Mahmudovun mərhum atasıdır. Eldar Mahmudov vəzifədən uzaqlaşdırılanda Ziyad Səmədzadənin adı məhz onun çətəsində hallanırdı. Mətbuatın o dönəmlərdə yazdığına görə, Eldar Mahmudov Satınalmalar üzrə Dövlət Agentliyinə nüfuz edərək çoxsayda tenderi məhz öz yaxınlarının udmasını təmin etmişdi. Mahmudovun nazir postunu itirməsindən sonra ləğv olunan həmin qurumun rəhbəri isə Ziyad Səmədzadənin bacısı oğlu İsgəndər Çədirli olub. Deputatın oğlu Elşad Səmədzadə bir müddət öz bibisioğluna müavinlik edib. Bundan başqa, Səmədzadənin yaxın qohumlarından biri keçmiş MTN şefinin dəstəyi ilə “Şəhriyar” klubunun direktoru, kürəkəni isə İqtisad Universitetinə prorektor vəzifəsinə təyin olunub.

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar, Anarın “Transqeyt” şirkəti yadınızdadırmı? Əgər xatirinizdədirsə, deməli, onu da unutmamısınız ki, həmin özəl şirkət 2007-ci ildə dövlət vəsaiti hesabına (!) Bakıya avtobuslar gətirmiş, lakin həmin avtobuslar qısa müddətdə sıradan çıxmış, daşınmadan kənarlaşdırılmışdı. O zaman Anar Məmmədovun sözügedən şirkətinin baş meneceri Ziyad Səmədzadənin yuxarıda adı çəkilən bacısı oğlu İsgəndər Çədirli idi. Çədirli ertəsi ilə Nazirlər Kabinetində təmsil olundu, bir müddət Satınalmalar üzrə Dövlət Agentliyinə rəhbərlik etdi, “Continental” adlı bir şirkətə ortaq olaraq Bakıda və Türkiyədə böyük inşaat işləri gördü, mebel mağazaları açdı, avtomobil təkərləri satdı. Bu barədə internet mediada kifayət qədər məlumat yayıldığından, detallara varmayaq. Sadəcə, həmin məlumatları diqqətlə analiz edəndə Ziya Məmmədovla Ziyad Səmədzadə arasında da yetərincə ciddi biznes və siyasi əlaqələr olması üzə çıxır. Bu əlaqələri aşkarladıqdan və Azərbaycanda islahatlara müqavimət göstərən, qarşı çıxan xəttlərin mövcud olması barədə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş bəyanatı yada salandan sonra, 80 yaşlı Ziyad Səmədzadənin deputatlığa namizəd kimi irəli sürülməsinin gerçək məqsədlərini də anlamaq çətin olmur.

Bəli, mən artıq qətiyyən şübhə etmirəm ki, akademik həmkarlarının Ulu Öndər Heydər Əliyevin təbirincə “konyuktura adamı” adlandırdıqları Səmədzadə Ziyad ziyaların, eldarların islahatlara ziyan vurmaq layihəsi idi. Bu layihədə işıqdan, aydınlıqdan, ziyalılıqdan bir zərrə də tapmaq mümkün deyil, dövlətçiliyə növbəti qəsddir, o qədər. Bununla belə, mən yenə Səmədzadənin şüarına, onun timsalında sözdə aydınların islahatlara xəyanətinə qayıtmaq istəyirəm. İcasənizlə, bir balaca haşiyə çıxım, sizləri bir hovur dəniz kənarına aparım, həm də 1980-ci illərin bulvarına. Zaman o zamandır ki, həm Şahbaz Muradovun, həm də Ziyad Səmədzadənin kitabı çapdan çıxıb. Hər iki müəllif (əslində hər iki kitabın digər müəllifləri də var) öz çalışmalarını dövlət mükafatına təqdim etmək istəyirlər. Şahbaz Muradov həmkarını ona görə çay içməyə dəvət edib ki, razılaşma əldə etsinlər, kitablar mükafata birlikdə təqdim olunsun. Ardını akademik Muradovdan eşidək:

“Həmin ilin 31 martında səninlə ikimiz dəniz qırağında kecə saat 12-yə kimi söhbət edib razılaşdıq ki, birləşib işimizi kollektiv halda mükafata təqdim edək. Səhərisi gün- aprelın 1-də yenə sənə zəng etdim. Gəlib bildirdim ki, Ziyadla razılaşdıq. Sən isə qırmızıca mənə bildirdin ki, bizim söhbətimiz aprelin 1-də olduğundan, sən mənə yalan söz verib məni aldatmısan. Beləliklə, nə sən bu mükafatı aldın, nə də biz”.

Təsəvvür edin, insan söz verir, qarşısındakını inandırır, ancaq üstündən bir neçə saat keçməmiş deyir ki, nə söz, nə vəd, mən “1 aprel zarafatı” edirdim. Bu söhbətin üzərindən aşağı-yuxarı 40 il keçib, amma görünən budur ki, Ziyad Səmədzadə ötən 40 ildə hər gün Azərbaycan xalqına “1 aprel yalanı” satıb. Çünki Noam Çomskiyə görə, ziyalının borcu “həqiqəti söyləmək, yalanları üzə çıxarmaq, göz önünə sərməkdir”. Ziyad Səmədzadə hansı iqtidarın, hansı hakimiyyətin dövründə üstün iradənin əleyhinə bircə cümlə danışıb? Kimin vaxtında xalq naminə həqiqətləri dilə gətirib, yalanlara qarşı çıxıb? İqtidarlar bir yana qalsın, doğmaca qızı Aygün Səmədzadə bakılı-rayonlu söhbəti salıb, milləti böləndə, bölgəçilik mərəzi aşılayanda, əyalətdə doğulmuş görkəmli elm və sənət adamlarının bir səbət yumurta, 5-10 kiloqram ət hesabına sosial status əldə etməsini söyləyəndə, öz övladına belə təpinməyə cürət eləməyib, necə deyərlər, ortaya “ziyalı mövqeyi” qoymayıb. Axı “Müstəmləkəçilik sonrası” nəzəriyyəsinin müəlliflərindən olan, “fələstinlilərin ən güclü siyasi səsi” adlandırılan Eduard Səid bir münəvvərin əsas özəlliyinin xalqın heç bir təbəqəsini aşağılamamaq, əksinə, cəmiyyətin mümkün qədər çox kəsiminə xitab etməsi olduğunu söyləyirdi. E. Səidin mənim Anadolu türkçəsində oxuduğum “Entelektüel: Sürgün, marjinal, yabançı” isimli bir yaxşı əsəri var, o əsərində müəllif gerçək bir ziyalının keyfiyyətlərini belə sıralayır:

Zənnimcə, bu kriteriyalara Jülyen Bendanın bir fikrini də mütləq əlavə etmək lazımdır. J. Bendanın yanaşmasına görə, ziyalılar cəmiyyətin vicdanıdırlar, maddiyyat arxasınca qaçmadan həqiqəti üzə çıxaran, sonsuzadək müdafiə edən kimsələrdirlər.

Çox pakizə, bəs, 9 fevral seçkisində aşkar bir saxtakarlıqla 23-cü dairənin deputat mandatını daşımağı özünə rəva görən, gələcəyimiz üçün unikal tarixi şans yaradan islahatları öz titrəyən əlləri ilə yerdən-yerə vuran, yeni nəsil nümayəndələrinin özlərini parlamentdə reallaşdırmasına, xalqın sözünü deməsinə, milli maraqlarımızı qorumasına, dövlətimizin güclənməsinə töhfə verməsinə min bir hiylə ilə əngəl törədən, bütün bioqrafiyası azadlığa, ədalətə, haqqa, həqiqətə zidd olan nüanslardan ibarət olduğu üçün cəmiyyətə güvən aşılamayan, ictimai vicdan qarşısında deməyə sözü olmadığı halda, “akademik” titulunun arxasında gizlənən 80 yaşlı bir qocaya biz “ziyalı”, hələ “ziyalı” təyini bir tərəfə qalsın, “ağsaqqal” deyə bilərikmi?

Kim desə də, mən demirəm, deyə bilmirəm!

Allah kəssin belə mandatı da, belə ziyalını da, belə ömrü də!

Taleh ŞAHSUVARLI,

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Milli Məclis üzvlüyünə “İslahatlar mərkəzdən başlayır” şüarı ilə təşviqat aparan keçmiş namizəd