Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu

17 Fevral 2020 17:20 (UTC+04:00)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi "Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində "Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olunub.

Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların toplu halında nəşrini planlaşdırır.

Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Vətənə və torpağa məhəbbət, tarixi dostluğumuz, həmrəyliyimiz, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, adət-ənənələr, islam irsi, tanınmış qarabağlılar, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhvələr, bölgənin gözəl və füsunkar təbiəti, Vətən torpaqlarının azadlığı, zülmə və həsrətə son, aprel zəfəri, çiçəklənən Azərbaycan, həqiqətin zəfərinə və işıqlı gələcəyə inam mövzularını əhatə edən əsərlərə, şeirlərə, poemalara üstünlük veriləcəkdir.

Müsabiqə təqdim olunacaq əsərlərin cari ilin 1 mart tarixindən – 15 sentyabr tarixinədək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna (culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur.

Müsabiqəyə təqdim olunan materiallar:

1. Şeir və poema (nəzm formasında).
2. Müəllifin pasportunun surəti (elektron formada).
3. Müəllif haqqında qısa məlumat.

Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır.

Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 3 əsərə (ümumilikdə 6 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcəkdir.

Qalib şeirlərin hər iki ölkənin mətbuatında yayılması təmin ediləcəkdir.

Yekunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Hər anımız vətən desin” adlı təntənəli poeziya axşamının keçirilməsi də nəzərdə tutulub.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz