İdlibdə hərbi əməliyyatlar başladı

20 Fevral 2020 19:21 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

AzNews.az-ın məlumatına görə, əməliyyat Suriya Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən birinin yaraqlılar tərəfindən vurulduğu Nairab kəndində (Fevralın 3-dən rejim qüvvələrinin əlinə keçib) aparılır. Türk hərbi texnikasının bir karvanı, o cümlədən bir neçə tank da bu kəndə cəlb edilib. Bundan əlavə, artilleriya zərbələri endirilib.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, hücumda həm türk qoşunları, həm də silahlı müxalifətin döyüşçüləri iştirak edir.

Qeyd olunur ki, Nairab yaxınlığındakı döyüş nəticəsində Suriya ordusunun 2 tankı və Rusiyaya aid 2 kəşfiyyatçı PUA vurulub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da AKP-nin partiya toplantısında çıxışı zamanı “Bütün hazırlıqlar görülüb. İdlibdə hər an hərbi əməliyyatlara başlaya bilərik”deyə bildirmişdi.