Avtobus sürücülərinin yeni sistemə narazılığı - Azərbaycanda

25 May 2013 16:14 (UTC+04:00)
Bakı sərnişin nəqliyyatında çoxdan gözlənilən bir sistem ilin sonlarına yaxın işə düşəcək.


Artıq avtobuslarda gediş haqqı nağd pul ilə deyil, plastik kartlarla ödəniləcək. Bununla əlaqədar paytaxtdakı bir çox avtobuslarda validatorlar quraşdırılıb. Lakin bəzi sürücülər və sərnişinlər həmin sistemin də işləməyəcəyini deyirlər. Sürücülər deyirlər ki, bu sistem ancaq onları incitmək üçün yaradılıb.

İntiqam adlı sürücü bildirib ki, sistem işə düşəndən sonra həm sərnişinlərin, həm də sürücülərin işi üçün problemlər yaranacaq. "İndi gündə sürücüyə 30-50 manat pul qalırsa, onda heç bir manat da qalmayacaq. Guya bizə aylıq maaş verəcəklər? Neynirəm ayda 500 manatı? Həmin 500 manat onların özlərinə verilsə, gəlib bizim kimi zülüm çəkərlər? Əlbəttə ki, yox", - deyə İntiqam bildirib.

Digər sürücü Təvəkkül Əliyev isə kartla ödəniş sisteminin də başqa xidmətlər kimi işləməyəcəyini deyir: "2 ildir gətirib avtobuslara monitor quraşdırıblar. Heç çürük qoza da dəymir. Nə xeyri var. Boş-boşuna pul dağıdırlar. Kart sistemi də işləməyəcək".

Sərnişinlərdən də kart sistemi ilə avtobuslarda gedişhaqqının ödənilməsinin mümkünsüz olacağını düşünən var. Onlar görülən işlərin sadəcə gözən pərdə asmaq olacağını deyirlər. Lakin sahibkarlar bunun əksini düşünür. "Çinar-Trans" MMC şirkətinin rəhbəri Etibar Manafovun verdiyi məlumata görə, artıq validatorların quraşdırılmasına başlanıb.

"Artıq bizim 13 saylı xəttimizdəki 19 avtobusa quraşdırılıb. 88 saylı avtobuslara da quraşdırılacaq. Ümumiyyətlə mən kartla ödənişin çox yaxşı olacağını düşünürəm. Sürücünün əlinə pul dəyməyəcək. Bu zaman həm də qəzaların sayı azalacaq. Sürücülər 5 manat artıq qazanmaq üçün camaatın həyatını təhlükəyə atmayacaqlar", - deyə Etibar Manafov bildirib.

Nəqliyyat Nazirliyi də görülən işlərin tezliklə yaxşı nəticə verəcəyini bildirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, ilin sonuna qədər kartla ödəniş sisteminin tətbiqinə başlanılacaq. Gələn ilə qədər bu ödəniş nağd ödənişlə paralel həyata keçiriləcək. Gələn ildən isə artıq Bakıda tam olaraq kartla ödəniş sisteminə keçiriləcək.

"105 avtobusda quraşdırılıb. Yaxın 10 gün ərzində daha 400 avtobusa quraşdırılacaq. Validatorların Türkiyədən gətirilməsi prosesi gedir. Bu müddətdə vaxt boş getməsin deyə, biz avtobuslarda kabelləri quraşdırırıq. Yerlər hazırlanır. Aparatlar gətirilən kimi dərhal hazır yerlərinə quraşdırılacaq. 500-ə yaxın avtobusda quraşdırılandan sonra artıq kartla ödənişin tətbiqinə başlayacağıq. Hələlik 29 marşrutda bu sistemin tətbiqi nəzərdə tutulub", - deyə Namiq Həsənov bildirib.

Qeyd edək ki, bu kartlardan vasitəsilə nəinki avtobuslarda, hətta metroda da istifadə olunacaq. Bundan başqa, bu kartlar vasitəsilə bəzi dükan və iaşə obyektlərində də istifadə mümkün olacaq. Həmin kartları paytaxtın hər bir yerindən almaq mümkün olacaq. Kartların qiyməti 2-3 manat civarında dəyişəcək.

Hazırda kartların hazırlanması prosesi gedir. Yaxın günlərdə həmin kartlar istifadəyə veriləcək. Heç olmasa 500 minə yaxın kart buraxılmalıdır ki, bu sistemə keçə bilək.

"Bu sistem vətəndaşların rahatlığına xidmət edəcək. Təxminən həmin kartların istifadəsi üçün 5 minə yaxın məntəqə quraşdırılıb. Həmin nöqtələrdə vətəndaşlar kartlardan istifadə edə biləcək. Bu ödəmə sistemi vasitəsilə sərnişinlərlə sürücülərin arasında nağd pul istifadəsi aradan qalxacaq", - deyə Namiq Həsənov bildirib.

Sonda ümid edirik ki, sərnişin nəqliyyatda kartla ödəmə sistemi doğrudan da öz bəhrəsini yaxşı mənada verəcək. Bəlkə bu zaman Bakının avtobuslarındakı nöqsanlar aradan qalxdı. //anspress//

AzNews.az