“Avropa Azərbaycan qazı üçün etalon bazarı olaraq qalmalıdır”

21 Fevral 2020 12:50 (UTC+04:00)

“Avropa Azərbaycan qazı üçün etalon bazarıdır və elə də qalmalıdır”.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Energetika naziri Pərviz Şahbazov İtaliyada bu ölkənin “İl Sole 24 Ore” nəşrinə müsahibəsində bildirib.

Bazarlarda qaz həcmlərinin çox olması, təklifin artmasına baxmayaraq, Avropada tələbatın yüksək olmaması fonunda böyük ehtiyatları olan Azərbaycanın planları ilə bağlı suala cavabında P. Şahbazov Azərbaycanın izlədiyi strategiya olduğunu bildirib:

“Bazarlarda çox həcmdə qazın olması danılmazdır. Amma əgər LNG-dən deyil, təbii qazdan danışırıqsa müzakirəyə fərqli bucaqdan yanaşmağı üstün tuturam. Bu sektorda əvvəlcə alıcılar tapılmalı, uzunmüddətli müqavilələr imzalanmalı, yataqlara investisiya qoyulmalı, sonra artıq satılmış qaz hasil edilməli və nəhayət, ixrac edilməlidir. Bu bazar LNG və ya xam neft bazarı kimi spot bazar deyil. Bu müqavilələr imzalamaq üçün izlədiyimiz strategiyadır və gələcəkdə də izləyəcəyimiz strategiya olacaq. Yeni alıcılar olmazsa, ehtiyatlarımıza baxmayaraq əlavə qaz həcmlərini hasil etməyəcəyik. Hasilat hədəfləri tələbdən asılıdır".

Azərbaycanın Avropaya qaz nəql etməsinin Rusiyaya rəqib olub-olmaması ilə bağlı suala cavabında Energetika naziri Rusiya ilə heç bir rəqabət görmədiyini bildirib: “Birincisi, əvvəldən planlaşdırılan təbii qaz həcmlərini artıq satmışıq. Azərbaycan qazının böyük hissəsi İtaliyanın cənubuna çatdırılacaq ki, bura hazırda Rusiya qazı nəql olunmur. Rusiya Avropa bazarına ildə 180 mlrd. kubmetrdən artıq həcmdə qaz nəql edir. Biz bu həcmdən 10 dəfədən artıq az qaz ixrac edəcəyik. Burada rəqabətdən danışmaq mümkün deyil”.

Nazir, həmçinin Azərbaycanın Rusiya ilə enerji sahəsində müqavilələrinin olduğunu xatırladıb.