İlham Əliyevə təbriklər davam edir

25 May 2013 16:26 (UTC+04:00)
Bir sıra ölkələrin dövlət başçıları Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.

Çin Xalq Respublikasının Sədri Si Tszinpindən:

"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Çin hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Hazırda Azərbaycanda sabit siyasi və ictimai vəziyyət, dinamik inkişaf edən iqtisadiyyat, xalqın həyat səviyyəsinin ardıcıl artması müşahidə olunur. Çin tərəfi bunu müsbət qiymətləndirir və əmindir ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan öz inkişafında daim yeni uğurlar qazanacaqdır.
Ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasından keçən 21 il ərzində Çin ilə Azərbaycanın dostcasına əməkdaşlıq münasibətləri çox yaxşı inkişaf edir, bütün sahələrdə tərəfdaşlığın fəal nəticələri vardır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə bundan sonra da ənənəvi dostluğu möhkəmlətməyə, işgüzar əməkdaşlığı genişləndirməyə, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ölkələrimizin və xalqlarımızın rifahı naminə Çin-Azərbaycan münasibətlərini daim inkişaf etdirməyə hazırdır.
Ölkənizə firavanlıq, xalqınıza səadət diləyirəm.

Sizə möhkəm cansağlığı və rifah arzulayıram".

Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən:

"Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə Hindistan xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Hindistan və Azərbaycan xalqları arasındakı dostluq münasibətləri möhkəm tarixi və mədəni əlaqələrə söykənir. Əminəm ki, çoxtərəfli qarşılıqlı əlaqələrimiz xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəkdir. Hindistan Azərbaycan ilə əməkdaşlığın intensivləşdirilməsini arzu edir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq və inkişaf arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən:

"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə ölkə daxilində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin və tarazlaşdırılmış xarici siyasətin uğurları
Qazaxıstanda yaxşı məlumdur.

Qazaxıstan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi dəyərləndirirəm. Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da hər iki ölkənin xalqlarının rifahı naminə uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram".

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan:

"Azərbaycan Respublikasının milli bayramının ildönümü münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq hissi duyuram.

Tacikistan ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişaf dinamikasından çox məmnun olduğumuzu vurğulamaq istərdim. Əminəm ki, yaranmış ənənəvi ikitərəfli dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir. Tacikistan öz tərəfindən ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi üçün zəruri olan bütün tədbirləri görmək əzmindədir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən:

"Qırğız xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin!

Azərbaycan Respublikası özünün məqsədyönlü strategiyasının uğurla həyata keçirilməsi sayəsində sosial-iqtisadi inkişafda sanballı nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.

Potensialı böyük perspektivlərə malik olan Qırğız-Azərbaycan əməkdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.
Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi qarşılıqlı faydalı tərəfdaşlığa şərait yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan xalqına isə sülh, həmrəylik və tərəqqi diləyirəm".

İrlandiyanın Prezidenti Maykl Higginsdən:

"Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqda İrlandiya xalqı da mənə qoşulur.
Fürsətdən istifadə edərək Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıram".

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvadan:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına tərəqqi və çiçəklənmə arzulayıram".

Koreya Respublikasının Prezidenti xanım Pak Kın Hedən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə, həmçinin Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istəyirəm.

Son illərdə ölkələrimiz arasında qarşılıqlı anlaşma və əməkdaşlıqda əhəmiyyətli inkişaf baş vermişdir. Ümidvaram ki, ölkələrimiz arasındakı yüksək səviyyəli dostluq əlaqələri xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyimi və ən xoş arzularımı qəbul etmənizi xahiş edirəm".

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı mövcud yüksək səviyyəli əməkdaşlıq gələcəkdə qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımıza firavanlıq gətirəcəkdir.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçdən:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Xorvatiya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan məmnunam, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulayıram. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq daha da inkişaf edəcəkdir. Bu yaxınlarda keçirdiyimiz səmimi görüş bu məqsədə töhfə vermişdir.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

AzNews.az