"Real" uduzub, "Barselona" yenidən liderliyə yüksəlib

23 Fevral 2020 15:11 (UTC+04:00)

İspaniya La Liqasında XXV turun daha 4 oyunu keçirilib.

AzNews.az-ın məlumatına görə, "Selta" son sıralarda qərarlaşan "Leqanes"i üstələyərək, təhlükəli zonanı tərk edib.

Lider "Real" ardıcıl ikinci matçda büdrəyib. Ötən həftə "Selta"nın müqavimətini qıra bilməyən "Kral klubu" bu dəfə "Levante"yə səfərdə məğlub olub. Bu da madridliləri “taxtdan” salıb.

"Real"ın xal itirməsindən yararlanan "Barselona" doğma azarkeşləri önündə "Eybar"a heç bir şans verməyib. Lionel Messinin pokerə imza atdığı qarşılaşmada kataloniyalılar rəqib qapısından 5 cavabsız top keçiriblər və yenidən liderliyi ələ keçiriblər.

"Real Sosyedad"la "Valensiya" arasındakı oyunda da meydan sahibləri aktivlərinə 3 xal yazdırıblar. Rəqibi 3 dəfə mərkəzə dəvət edən San Sebastian təmsilçisi turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər 5 görüşü fevralın 23-də oynanılacaq.

İspaniya La Liqası
XXV tur
22 fevral
"Selta" - "Leqanes" - 1:0
Aspas, 62
"Barselona" - "Eybar" - 5:0
Messi, 14, 37, 40, 87; Artur, 89
"Real Sosyedad" - "Valensiya" - 3:0
Merino, 12; Monreal, 45+2; Yanuzay, 48
"Levante" - "Real" - 1:0
Morales, 79