Tacikistanda Azərbaycanın müstəqillik bayramı- Fotolar

26 May 2013 10:17 (UTC+04:00)


Azərbaycanın müstəqil dövlətinin qurulmasının 95 illiyi ilə əlaqədar Tacikistanda böyük tədbir düzənlənib.

Bayram ziyafətində Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri, deputatlar, Düşənbədə akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərləri, elm-mədəniyyət xadimləri, KİV nümayəndələri, yerli diasporun üzvləri, eləcə də Tacikistanın ictimaiyyətindən olan şəxslər iştirak ediblər. Tədbir keçirilən mehmanxananın foyesində Azərbaycanın qədim tarixi, bugünkü inkişafı ilə bağlı kitablar və fotolar, ləcə də Azərbaycan, tacik, ingilis və rus dilindəki press-relizlər təqdim edilib. Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndikdən sonra, Azərbaycan Respublikasının Tacikistandakı Səfiri Abbasəli Həsənov, Şərqdə ilk Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti haqqında danışıb, onun xalqımızın taleyində önəmli yer tutduğunu vurğulayıb. Bu il Azərbaycan xalqının və dövlətinin Azərbaycan Demokratik Respublikasının yaranmasının 95, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd etdiyini söyləyib.

Səfir eyni zamanda Azərbaycanın iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verərək , Qafqaz ölkələrinin Ümumi Daxili Məhsulun 80 faizinin Azərbaycanın payına düşüyünü vurğulayıb.

Ziyafətdə ali qonaq qismində iştirak edən Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi bütün Azərbaycan həmkarlarını təbrik edib və bildirib ki, dövlət başçılarının sıx qarşılıqlı təmasları iki xalqın dostluğunu daha da zənginləşdirir.

Qonaqlara Azərbaycan mətbəxinin təamları ilə bəzədilmiş süfrəyə dəvət olunduqdan sonra, Azərbaycandan dəvət olunan muğam ifaçıları Aytən Məhərrəmova, Vüqar Musayev, Ədalət Behbudov və Pərviz Fərhadov milli musiqimizlə qonaqlara xoş dəqiqələr bəxş ediblər. Tacikistan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Muğam Festivalının iştirakçısı olmuş Xurşid İbrahimov Azərbaycanlı musiqiçiləri ilə birlikdə "Qarabağ şikəstəsi"ni ifa ediblər.

Xatirə
AzNews.az