Vilayət Eyvazov keçmiş icra başçısının oğluna vəzifə verdi

5 Mart 2020 07:09 (UTC+04:00)

Keçmiş icra başçısı Akif Səlimovun oğlu vəzifəyə təyin edilib.

AzNews.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Səlim Səlimov Xəzər rayon Polis İdarəsinə əməliyyat müvəkkili təyin edilib.

Qeyd edək ki, Səlim Akif oğlu Səlimov ötən ilin dekabr ayında Vilayət Eyvazovun əmri ilə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Xatırladaq ki, Səlim Səlimovun atası Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.