Ərəb coğrafiyası- bataqlıq, yoxsa fürsətlər məkanı?

5 Mart 2020 21:54 (UTC+04:00)

Azərbaycan coğrafi baxımından Şərq ölkəsidir. Bizim tarixi, mədəni bağlarımız bu coğrafiyadadır, istəsək də, istəməsək də Yaxın Şərqdə cərəyan edənlərin bizə də dəxli var. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “regionla bağlı heç bir qərar Azərbaycansız qəbul olunmur”. Lakin olanların bizə fürsətlər açması, ya bizim üçün təhdidə çevrilməsi çox zaman özümüzdən, o qərarların qəbul edilmə mexanizmlərində hansı yanaşma ilə iştirakımızdan da asılıdır. Ən yaxın müttəfiqimiz olan Türkiyənin Suriyada gedən müharibədə bu və ya digər şəkildə iştirakı, Rusiya, Qərb və İranla bəzən tərəfdaş, bəzən qarşı duran tərəf kimi çıxış etməsi haqda kifayət qədər yazılıb, rəylər dərc edilib.

Türkiyə Suriyaya girməli idimi?

Bu sualın cavabı yalnız Türkiyə xaricində deyil, türk ictimaiyyəti, siyasi çevrələri tərəfindən də ciddi müzakirə olunur. Əlbəttə ki, Türkiyə daxili və xarici siyasətin ən ümdə, aktual problemlərinin rahat müzakirə edildiyi demokratik ölkədir, iddialı siyasətçilərin, müxalif partiya rəhbərlərinin, ictimai rəy liderlərinin bunu müzakirə etməyə haqqı var.

Sualın cavabı üçün isə türk, ərəb, Qərb və Rusiya yanaşmalarını nəzərdən keçirməyə, diplomatik danışıqların, hərbi əməliyyatların təfərrüatına varmadan Yaxın Şərqdəki Osmanlı siyasi mirası, ərəb –türk əlaqələri, savaşa türk və ərəb əfkari-ümumiyyələrin reaksiyasına toxunmağa çalışacağıq.

2013-də bir jurnalist proqramı çərçivəsində mənşəcə polyak olan, kubalı emiqrantla ailə qurmuş, ABŞ-da yaşayan Fransa vətəndaşı Anna Xusarska ilə tanış olmuşduq. O, 2010-cu illərin ilk illərini Suriyada inqilab hazırlıqları ilə məşğul olduğunu fəxrlə deyirdi. “Niyə ərəb baharını Suriyaya daşımaq istədiniz, axı, daha ağır sosial vəziyyəti olan ölkələr var idi “ deyə soruşduqda “peşəkar” inqilabçı bizə belə cavab vermişdi ki, Suriyada əhali daha təhsilli, iqtisadiyyat daha liberal olduğundan, kiçik və orta burjuaziya təbəqəsini asanlıqla təşkilatlandıra biləcəklərini, Polşada olduğu kimi kölgə hökuməti qura biləcəklərini düşünürlərmiş. 80-ci illərin Polşası timsalında müxalifətin dərnəklər şəklində təşkilatlanmasına, gizli nəşrlərin yaradılmasına, sosial şəbəkələrdən, mobil internetdən bu məqsədlə istifadəyə cəhd edilib. Güman etmək olar ki, bu məqsədlə Suriyaya “inqilabi yardım”a gedən yalnız xanım Xusarska olmayıb. Amma ehtimallar özünü doğrultmayıb, əhali hakimiyyətə gözlənildiyindən daha loyal qalıb. Güclü qərbçi, dünyəvi müxalifət yaratma təşəbbüsü bu ölkələrdə fiaskoya uğrayıb. Avtoritar rejimlər zamanında təqib olunan dindarlar isə sürətlə təşkilatlanaraq istər Misir, istər Liviya, istərsə də Tunisdə hakimiyyəti ələ götürə bilib. Suriyada da “müxalifətin” əsas kəsimini məhz onlar təşkil edib. Yəni Qərbin 80-ci illərdə Polşa üçün yazdığı, 1990 -2000 –ci illərdə Şərqi Avropa və MDB məkanında da uğurla tətbiq olunan ssenarilər burda işləmir. Yerli reallıqlar nəzərə alınmayıb. Əslində “məxməri inqilabın” başını yerli islamçılar da yemədi, indi açıqlanan statistikadan bəlli olduğu kimi, islamçı adıyla ora minlərlə, 10 minlərlə Aİ, MDB ölkələri, İran, hətta Çin vətəndaşları cəlb edilibmiş. Deməli, bölgə, xüsusən Suriya ilə bağlı alternativ planlar varmış.

Bu planlar nədir?

Türkiyəli ekspertlər, bəzən rəsmilər belə I dünya müharibəsinin başa çatmadığı, hələ də davam etdiyini deyirlər.(https://www.mynet.com/mehdi-eker-birinci-dunya-savasi-devam-ediyor-110105801220)

Bu fikirlərin çox sadə açması var-bölgənin keçmiş siyasi xəritəsi ilə bağlı əsas irsin daşıyıcısı olan Türkiyənin ictimai rəyini yönəldən mühüm bir təbəqə I və II dünya müharibələrindən sonra, müəyyən qədər də 1968 və 1973-cü illərin ərəb-yəhudi savaşları nəticəsində formalaşmış yeni siyasi xəritəni qəbul etmir. Buna bənzər baxış İsrailin ictimai rəyində də hakimdir, Qərb və hətta rus mediasında da müzakirə edilməkdədir.(https://birdinflight.com/ru/mir/10-nestydnyh-voprosov-o-vojne-v-sirii.html, https://www.eurointegration.com.ua/rus/articles/2017/09/25/7071201/, https://topwar.ru/84107-raspadetsya-li-siriya-veroyatnost-sozdaniya-gosudarstva-alavitov.html)

Bilavasitə bu münaqişəyə dəxli olmasa da, yadınızda qalıbsa, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hələ 1990-cı illərin əvvəllərində Avropadan fərqli olaraq Yaxın Şərqdə siyasi xəritələrin süni olduğunu və dəyişdirilməyinin labüdlüyünü vurğulamışdı.

Beləliklə, İsrail işğal etdiyi Colanın statusunun birdəfəlik həll edib daha genişlənmək istəyir, Suriyanı tarixi kökləri olmayan süni dövlət hesab edir; İran şiə hilalını genişləndirmək, nüseyri -ələvi azlığı cəfəriliyə uyğunlaşdırmaq, İsrail və ərəb ölkələrinə qarşı öz forpostunu möhkəmlətmək, ən əsası Qətər ilə mübahisəli qaz yataqlarında hasil ediləcək qazın nəql və nəzarət hüququnu özündə olmasını istəyir; Qətər isə bunun əksində maraqlıdır; Rusiya xaricdəki bütün hərbi bazalarını itirdikdən, Sovet İttifaqının parçalanması və “ərəb baharı” inqilabının birinci mərhələsindən sonra itirdiyi ərəb coğrafiyasına qayıtmaq üçün Suriyaya öz hərbi-siyasi nüfuzunu bərpa edəcək çıxış nöqtəsi kimi baxır və buna müəyyən qədər nail də olub. Hətta Ermənistanın Suriyada özünə məxsus maraqları var- buranı Yaxın Şərqdə erməni diasporunun nüfuzlu olduğu mühüm ölkə kimi görməkdə davam edir. Erməni kilsəsinin ikinci vacib mərkəzi Suriyada yerləşirdi, ilk prezidentləri Ter-Petrosyan Suriyada doğulub və s.

Suriyanın özünə gəlincə, Anton Səadənin pansirizmi, Cəmal Əbdülnasirin panərəbizmi çoxdan dəfn olunub, hər dini icma fərqli geosiyasi qütblərə meyl etməyə başlayıb. Qərbdə müəyyən dairələr yenidən Levantada(Şamda) xristian dövlətini bərpa etmək, Şam və İraqın xristian ərəbdilli əhalisinin arami-Finikiya –Assuriya kökləri, onlar üçün bir dövlət yaradılması haqda təbliğat aparır, bu istiqamətdə müəyyən addımlar da atırlar (https://rusvesna.su/news/1459534638, anonymouse.org/cgi-bin/anon-www.cgi/http://foreignpolicy.com/2015/02/24/syrias-christians-fight-back-assyrian-militias/).

Şimali İraqda de-fakto kürd dövləti yaradıldıqdan sonra ABŞ və İsraildən müəyyən dəstək alan kürdlər isə Suriyanın Türkiyə ilə həmhüdud olan torpaqlarında Şimali Kürdüstan və ya Rojava kimi təqdim etdikləri yeni de-fakto dövlət qurmaq təşəbbüsünə baş vurublar. Həmin ərazilərdə əsasən 1920-ci illərdə qurulmasına uğursuz cəhd edilmiş Ağrı Cümhuriyyətinin ləğvindən sonra Türkiyədən qaçmış separatçı kürd qəbilələri məskunlaşmış və uzun illər PKK-ya yataqlıq etmişlər. Son illər də müxtəlif terror dəstələrinin burdan Türkiyəyə sızmaları adi hal almışdı. Belə mürəkkəb şəraitdə Türkiyənin Suriyadakı proseslərdən kənarda qalacağını düşünmək sadəlövhlük olardı.

Az irəlidə qeyd etdiyimiz kimi, türklərin kifayət qədər nüfuzlu və azsaylı olmayan bir kəsimi düşünür ki, Türkiyə keçmiş Osmanlı imperiyasının hər yerində aktiv olmalı, Britaniya Millət Birliyi, Rusiyanın MDB-si, Fransanın Frankofoniya təşkilatı kimi bir geosiyasi birlik qurmalıdır. Əhməd Davudoğlu hələ akademik fəaliyyəti zamanı yazdığı “Strateji dərinlik” adlı ən populyar əsərində post-osmanlı məkanında Türkiyənin xüsusi maraqları olmasını qabardır, xarici işlər naziri olanda “harada Fransa bayrağı görsəniz siz də türk bayrağı sancın” kimi iddialı bir təlimat verməsi ilə öyünürdü. Türkiyə rəsmilərinin nəinki keçmiş Osmanlı imperiyası ərazilərinə səfərləri zamanı, Afrikanın digər ölkələrinə, Latın Amerikasına səfərləri zamanı da mütləq keçmiş osmanlı təbəələrinin həmin ölkələrdə yaşayan varisləri(“osmanlı torunları”) ilə görüşlər səfər proqramında yer alır, həmin “osmanlı torunları” da əsasən klassik Şam coğrafiyası(Suriya, Fələstin, Livan, İordaniya) ölkələrindən çıxanlar olur.

Türk yüngül sənayesinin, son vaxtlar həm də ağır və hərbi sənayesinin yalnız Türkiyənin deyil, bütün Osmanlı coğrafiyasının istehlak bazarını hədəfə alması, Türkiyədə “yaşıl kapital “deyilən ərəb sərmayəsinin artması hiss olunacaq səviyyədədir. Bu coğrafiyada fəal olmaq üçün mədəni –“yumşaq güc” tətbiqindən( film-serial ixracı, turizm, təhsil ixracı) istifadə olunur. TRT 2010-cu ildən məhz həmin coğrafiya üçün yayın aparan ərəbcə ayrıca kanal açıb.

Bəzi ərəb şirkətlərinin reklam siması türk ulduzlarıdır. Bəzi yozumların qarşını almaq üçün xüsusi olaraq xatırladım ki, yalnız aktrisalar deyil, türk aktyorları da ərəb ölkələrində kifayət qədər populyardır. Qahirə universiteti jurnalistika və informasiya fakültəsinin professoru Səmia Əhməd 2009-cu ildə azərbaycanlı jurnalistlər üçün bir mühazirəsində sualımıza cavab olaraq 60-70-cı illərdə Misirin öz “yumşaq güc” siyasətinin olduğunu, Misirdə Yusif Şahin, Ömər Şərif, Dalida kimi parlaq ulduzların yetişdirdiyini, indi isə “misirli qızların öz reallaşmayan arzularının təcəssümünü türk seriallarında tapdığını və türk aktyorların misirli qızlar arasında populyar olmasını” bir az ağrı ilə qeyd etmişdi.

Türk filmlərində ərəb cəmiyyətinə ünvanlanmiş subliminal mesajlar, ərəb-türk qardaşlığının təbliğatı bəs deyincədir. “Kurtlar vadisi” qəhrəmanının Suriya səfərlərini əks etdirən səhnələr, “Diriliş Ərtoğrul”da İbn Ərəbi obrazının yeni dövlətin qurulmasında baş ideoloq kimi oynadığı rol haqda mesajlar yalnız Türkiyənin özündə deyil, ərəb ölkələrində də qarşılılqlı inciklikləri körükləyən təbliğata qarşıdır.

İnciklikləri körükləyən belə təbliğat isə əslində çox zaman həqiqətdən çox uzaq olub. Müəllimimiz, mərhum Ələsgər Məmmədov SSRİ Xarici İşlər Nazirliyindən uzaqlaşma səbəblərindən biri kimi onlara yeni müstəqillik yaranan ərəb ölkələrinin mediasında dərc olunmaq üçün nəzərdə tutulan məqalələr yazmaqdan imtina etməsini göstərirdi. Həmin məqalələr Osmanlının ərəblərə zülm etməsi haqda təbliğati klişelər formalaşdırmalı imiş. Bu işdən imtina edən bir azərbaycanlı tapılsa da, istər Qərb , istərsə Rusiya uzun illər belə təbliğatı aparıb istəklərinə müəyyən qədər nail ola bilmişlər.

Lakin keçmiş CİA zabiti, Orta Şərq üzrə tanınmış amerikalı ekspert Qraham Füller “Yeni Türkiyə Respublikası” əsərində qeyd etdiyi kimi, “hər iki tərəfdəki yayğın miflərin əksinə türklər və ərəblər arasında uzun müddətli bir düşmənçilik olmayıb. Ən əsası budur ki, imperiyanın ərəb təbəələri ənənəvi olaraq, ta süqut etdiyi son ana qədər imperiyaya sadiq qalmışlar. Buna baxmayaraq bugünkü yayğın türk görüşü imperiyanın ərəb təbəələrinin ingilis və fransızların yanında yer alaraq “Türkiyəni arxadan xəncərlədiyi” şəklindədir. İngilis və fransızların ərəb dünyasında Osmanlı nüfuzunu sarsıtmağa yönələn cəhdlərinə baxmayaq I Cahan müharibəsinə qədər, Osmanlı dövləti, parlamenti və üsuli-idarəsi ərəblər tərəfindən əsasən qəbul edilmişdir. Ərəb din xadimləri bütövlükdə Osmanlı iqtidarı və idarələrinə sadiq idilər. Əsasən, ərəb etnik millətçiliyinə bağlı qüvvələr yalnız imperiya çökdükdən və ərəb dünyası müstəmləkəçi Qərb qüvvələri tərəfindən ələ keçirildikdən sonra üstünlük qazanmışdır”. (Graham E. Fuller,Yeni Türkiye Cümhuriyeti, İstanbul,Timaş yayınları. 2011)

Ərəb ölkələrində “inqilabi bahar” mövsümü ərəfəsində türk siyasətindəki yeni qüvvələr- “milli görüş” köynəyindən çıxanlar kifayət qədər rəğbətlə qarşılanırdı, “baharın“ hərəkətverici qüvvəsi olan “ərəb küçəsi” isə Rəcəb Təyyib Ərdoğanı qəhrəmanlaşdırırdı.

İraqın sünni azlığının, o cümlədən İraq kürdlərinin liderləri tez-tez İran basqısına müqavimət göstərmək Türkiyəyə meyil edirlər. Oxşar hal Livanda da müşayiət olunur, Misirin devrilmiş “Müsəlman qardaşları” iqtidarı Türkiyəpərəst mövqeyi ilə tanınırdı, Liviyanın həm devrilmiş Qəzzafi iqtidarı, həm də indi beynəlxalq birliyin qəbul etdiyi leqal hakimiyyəti Türkiyə ilə xüsusi əlaqələrə malikdir. Ə.Davudoğlu “ərəb baharı” yaşanan zaman Liviyadakı bütün siyasi qüvvələrin eyni dərəcədə qəbul edib danışıqlara getdiyi yeganə dövlətin Türkiyə olmasını xüsusi vurğulayırdı və s.

Yenə də Q.Füllerin qeyd etdiyi kimi, “reallıq budur ki, bu gün müsəlman dünyası hələ bir lider axtarışındadır. Mövcud liderlik boşluğunun işığı altında Türkiyə get-gedə daha çox etibar edilən, müstəqil və uğurlu bir müsəlman səs olaraq daha diqqətlə dinlənir. Türklərin bir çoxunun belə bir lider boşluğunu doldurma həvəsi güman ki, minimal səviyyədədir; bir çox müsəlmanın Türkiyəni bu rolu oynamaya çağırması da çox ehtimal olunmur. Ancaq bu boşluq olduqca , Türkiyənin gec-tez bölgə üzərində təsirini yaymaya ən bacarıqlı ölkə olma ehtimali, digər müsəlman ölkələri ilə müqayisədə daha çoxdur.”

Həm də Türkiyə Osmanlı irsinə sahiblənmək, müsəlman Orta Şərqində liderliyə sahiblənmək istəməsə belə, “Misaqi-milli”(türk istiqlal müharibəsinin 6 maddəlik manifesti) hüdudları çərçivəsində aktiv olmaq barədə türk siyasətində, demək olar ki, yekdil baxış var.

(www.sabah.com.tr/fotohaber/gundem/halepten-musula-uzanan-misak-i-milli-gercegi/6) . İş o həddə çatıb ki, kürd əsilli siyasətçilərin bəziləri Şimali İraq muxtariyyəti barədə söhbət açanda oranın Türkiyənin misaqi- millisi çərçivəsində olduğunu, gələcəkdə Türkiyə ilə federasiya gedilə biləcəyini ifadə etmiş, Aynu-l-arab(Kobani, Arappinarı) hadisələri yaşananda isə Suriyanın kürdlər yaşayan bölgəsini misaqi-milli hüdudları elan etməyə tələsmişdilər.(hwww.diken.com.tr/soylu-suriyelileri-savundu-yuzde-62si-misak-i-milli-sinirlarindan, www.yenicaggazetesi.com.tr/ahmet-turk-erdogan-ve-barzani-kurdistanin-temellerini-atiyor-160592h.htm)

Türkiyənin liberal qərbçi kimi tanınan intellektuallarının rəylərində də Osmanlı keçmişinə, Osmanlı coğrafiyasına rəğbət məzmunlu referanslar edilməkdədir. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı təkrar ekranlaşdırılanda Ərtoğrul Özkök öz müəllif yazısında filmin “bizim altşüurumuzda Osmanlı coğrafiyası ilə bağlı xatirələrimiz oyatdığını, Fəridə obrazının həmin coğrafiya ilə bizim kollektiv ‘‘deja vu’’muz” olduğunu yazırdı

(hurriyet.com.tr/ertugrul-ozkok-o-erkek-fatma-bizimki-feride-39070190).

Bu o zaman idi ki, Özal ərəb ölkələri ilə yeni siyasi kurs başlatmış, “Barış suyu” kimi çoxsaylı birgə layihələr təklif etmiş və ya icra etməyə başlamışdı.

Nəticə olaraq deyə bilərik ki, Türkiyənin Suriyada və bütövlükdə Orta Şərqdəki keçmiş Osmanlı coğrafiyasının hər yerində olması haqqında nə Türkiyə ictimai rəyinin, nə Qərbin, nə də ərəb ölkələrinin aşağılarının(“ərəb küçəsi”nin) və elitasının baxışları elə də fərqli deyil.Az qala hər kəs qəbul edir ki, Türkiyənin o coğrafiyada olması qaçılmaz reallıqdır.

Amma bu necə baş verəcək?

Osmanlı mirasına sahiblənmək, Osmanlı Millətlər Birliyi qurmaq, ya misaqi-milli hüdudlarını rəsmiləşdirmək şəklində? Sadəcə, Türkiyə nə istədiyini, niyə istədiyini və istəklərini necə reallaşdıracağını özü üçün müəyyənləşdirib ardıcıllığı gözləməlidir.

Görünür,

Təbii ki, bizim də baş verənləri diqqətlə izləməyə ehtiyacımız var. Azərbaycan Qərbin enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkədir. Bəzən bu və ya digər layihənin taleyi isə həm də Yaxın Şərqdə həll olunur. 2000-ci illərin əvvəllərində Qərbin bir sıra nüfuzlu institutları “NABUCCO” layihəsinin lobbiçilyini aparırdı. Cüzeppe Verdinin Babil hökmdarı Navuxodonosora həsr etdiyi əsərinin adından götürülmüş layihə İraq qazının Qərbə nəqlini nəzərdə tuturdu. TAP-ın reallaşması, İraqdakı vətəndaş müharibəsinin davam etməsi, mərkəzi hakimiyyətin faktiki olmaması səbəbindən həmin layihə tarixin rəfinə qaldırıldı. Artıq gələcəkdə İraq qazının TAP-a qoşulması haqda müəyyən müzakirələr gedir.

Əgər Suriya münaqişəsinin yaranma səbəbləri içərisində iddia edildiyi kimi Qətər və İran arasında mübahisəli yataqlardakı qaz ehtiyatlarının nəqli durursa, demək, münaqişənin nəticəsi bizim üçün maraqlı olmaya bilməz. Üstəlik, Suriya türkmanlarının dili Türkiyə türkcəsindən daha çox Azərbaycan dilinə yaxındır, ötən il 650 illiyini qeyd etdiyimiz Nəsiminin məzarı da Hələbdədir. Yəni istəsək də, istəməsək də , oralarda yalnız iqtisadi maraqlarımız deyil, həm də ciddi mədəni keçmişimiz var. Coğrafiyanın necə şəkil alması, hansı yeni xəritələrin çəkilməsi, ittifaqların qurulması bu və ya digər formada bizi də ya məmnun, ya da narahat edəcək.

Cəmaləddin Quliyev,

Xüsusi olaraq AzNews.az üçün