Dövlət adamı olmağın, liderə və ideologiyaya sədaqətin örnəyi

10 Mart 2020 15:51 (UTC+04:00)

Onunla ilk dəfə 1997-ci ilin yayında üz-üzə gəlmişdik. Bəlkə də özü xatırlamaz, mənimsə bugünkü kimi yadımdadır. Plüralizm mərkəzlərinin Bakı toplantısıydı. O dövrün fəallarının yaxşı xatırladığı İrena Lasota başda olmaqla çoxlu sayda xarici qonaqlar gəlmişdi. Zuğulbada bir tədbirə qatılmışdıq. Çay fasiləsində Avropadan gəlmiş iştirakçılarla söhbət edirdik. O da bizim masaya yaxınlaşdı. Sözarası zarafatla qayıtdı ki, “bu Azər Həsrət yaxşı oğlandır, amma cəbhəçidir də”. Mən də özümə xas qətiyyət və təəccüblə qayıtdım ki, “əsla, mən AXC üzvü deyiləm”…

Sonrakı illərdə təbii ki, adını da eşitdik, üzünü də gördük. Amma yaxın təmaslarımız olmadı. Sadəcə 2001-ci ilin payızında, yenə də o dövrün fəallarının yaxşı xatırladığı bir media böhranı yarandığında bu adam barışdırıcılıq missiyasını üzərinə götürmüşdü. Mərhum Rauf Talışinski, Arif Əliyev, Rauf Arifoğlu, Fuad Süleymanov və mən Soros Fondunun bir proqramı çərçivəsində Avropaya səfər etmişdik. Bir həftəlik səfərdi. AŞ, AŞPA, Avropa Məhkəməsi, NATO, BJF və s. qurumları ziyarət edib işləri ilə tanış olurduq. Bakıdan xəbər gəldi ki, YAP-ın qurultayında “Azadlıq”, “Yeni Müsavat” və “Hürriyyət” qəzetlərinə, obrazlı desək, ölüm hökmü çıxarılıb. Biz də medianın önündə gedən şəxslər olaraq Bakıya qayıdıb məsələni həll etmək üçün planlar cızmağa başladıq…

Bakıya döndüyümüzdə redaktorları topladıq, etiraz aksiyaları elan etdik. Piketdən başladıq. Aləm qarışdı. O vaxtkı Prezident Heydər Əliyev usta bir siyasətçi kimi vəziyyəti düzəltmək üçün YAP rəsmilərinə tapşırıq verdi. Bizi “Xalq qəzeti”ndəki mətbuat mərkəzinə dəvət etdilər. Getdik. YAP adından Baş Nazirin indiki müavini Əli Əhmədov gəlmişdi. Bugünkü kimi yadımdadır. Biz, ortaq anlaşmaya hazır idik. Lakin Əli Əhmədovun naşılığı ona səbəb oldu ki, anlaşma alınmadı. O, öz çıxışında rəsmən üstümüzə gəldi, asarıq-kəsərik yöntəmi sərgilədi. Təbii ki, biz də belə münasibətə uyğun davranmalı olduq. Rauf Arifoğlu ayağa qalxdı, sərt şəkildə fikrini söylədi və hamımız zalı tərk etdik. Heydər Əliyevin göndərdiyi Əli Əhmədov bizimlə dil tapa bilmədi…

Bundan sonra daha da radikallaşdıq. Durum belə olunca o adam yenə də dövrəyə girdi. Bakı Mətbuat Klubunda toplantıda olduğumuz vaxt ondan Arif Əliyevə zəng gəldi. Adam xəbər verirdi ki, Prezident Heydər Əliyev sizi qəbul edib dinləməyə hazırdır. Təfərrüatlara varmadan deyim ki, müzakirələr sonucu Prezidentlə görüşə getdik, 3 saat çəkən görüşdə bizim cəbhədən Arif Əliyev, Mehman Əliyev, Rauf Arifoğlu və mən çıxış etdik. Bütün görüş olduğu kimi Az.TV-də yayımlandı. Rəsmi qəzetlər bizim tənqidlə dolu çıxışlarımızı çap elədi. Ara sakitləşdi, Heydər Əliyev bir çox təkliflərimizi dərhal nəzərə aldı, bəzilərini də sonrakı mərhələdə həll elədi…

Sonra nə oldu? Sonra da dövlətlə media arasında münasibətlərin daha mədəni şəkildə tənzimlənməsi prosesi başladı. Təbii ki, bu prosesdə dövlət adına o şəxs iştirak edirdi. Birbaşa Heydər Əliyevin tapşırıq və göstərişlərinə uyğun davranır, pərakəndə medianın milli və dövlət maraqları istiqamətində səfərbər edilməsi üçün çalışırdı. Biz artıq hiss edirdik ki, 90-cı illərin hərc-mərcliyinə son qoyulur, media azadlığı yerində qalmaqla təsadüfi və zərərli fəaliyyətlərin qarşısının alınması üçün yumşaq güc tətbiq edilir. O, Heydər Əliyevdən sonra da bu siyasəti uğurla davam etdirdi, Prezident İlham Əliyevlə işlədiyi dövrdə də eyni uğurla medianın milli maraqlar üçün səfərbər edilməsini təmin edə bildi. Yenə də təfərrüatlara varmadan bu qədəri ilə kifayətlənirik…

Təbii ki, sonrakı mərhələlərdə bizim şəxsi təmaslarımız da yarandı, intensivləşdi. Hətta iki dəfə Avropaya səfərdə də birlikdə iştirak etdik. Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərə qatıldıq. Onun oradakı proqram xarakterli çıxışları bu gün də hər kəsin təqdirlə xatırladığı çıxışlardandır. Zatən usta natiqdir, elm adamıdır, təcrübə sahibidir. Dövlət və dövlətçilik ədəbinin nə olduğunu hər kəsdən yaxşı bilir, Prezidentə sədaqətində qüsura yol vermir, üstəlik də milli maraqların işığında hərəkət edir.

Bu adam dövlət adamıdır. Ona görə də bizim kimi bir zamanların radikalları ona ürək qızdırdıq, çağırışlarını sıcaq qarşıladıq və Prezident İlham Əliyevin cəbhəsində sözün bütün anlamlarında külüng çalmağa razılaşdıq. Çünki biz də dövlət əxlaqına sahib insanlarıq. Bu gün o, vəzifədə deyil, amma biz yenə də yerimizdəyik, Prezidentin siyasi kursunun dönməz davamçıları kimi çalışmaqdayıq…

Yəqin ki, ictimai-siyasi sektorda olan oxucularımız söhbətin kimdən getdiyini anladı. Bəli, onun haqqında yazıram: Prof. Dr. Əli Həsənov. Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ilin düz yarısını – 30 ilini öncə Heydər Əliyevlə, sonra da İlham Əliyevlə birlikdə Azərbaycan dövlətinin bugünkü səviyyəyə yüksəlməsinə həsr edib. Yorulmadan, durmadan çalışıb. Dövlətlə media, siyasi partiyalar, QHT sektoru arasında körpü rolunu oynayıb. Dövlətin bu sahələrdə siyasətinin uğurla tətbiqi üçün əlindən gələni edib. Və indi – artıq rəsmən vəzifəsindən ayrıldıqdan sonra da boş dayanmır, dövlət siyasətinin təbliği, Prezident İlham Əliyevin apardığı işlərin tanıdılması üçün ictimai rəylə fəal şəkildə işləyir. Vəzifədən uzaqlaşandan sonra ümumiyyətlə gözdən itən, Vətəni də, dövləti də, Prezidenti də unudan bir çox keçmiş vəzifəlilərdən fərqli olaraq Əli Həsənov heç ara vermədən çalışmaqdadır. Bu isə bir daha sübut edir ki, o, sözdə deyil, əməldə Prezident İlham Əliyevin əsgəri olaraq qalır. Vəzifədən uzaqlaşması belə onun nə siyasi kursuna, nə də dövlətə və Prezidentə münasibətinə heç bir təsir etməyib. Dövlət adamı dediyin belə olar, olmalıdır. Dövlət əxlaqı dediyin də belə olar, olmalıdır.

Əli müəllimi təbrik edirəm. 60 il az deyil. Çox da sayılmaz. Heç az və ya çox olmasının da əhəmiyyəti yoxdur. Əsas odur ki, o, bu 60 ilin ən azı 30 ilini ölkəmizin Heydər Əliyevdən başlayıb İlham Əliyevlə davam edən siyasi kursuna sərf edib. Mediadan izləməkdə olduğumuz fəaliyyətindən də anlaşılır ki, buna görə qürur duyur, sevinclidir və belə davam etməkdə də israrlıdır. Nə deyirik ki? Allah qüvvət versin. Canı sağlam, ömrü uzun olsun. Onun günümüzdə də sərgiləməyə davam etdiyi dövlətə və liderə sədaqət örnəyi hələ uzun illər bundan sonra da siyasət araşdırmaçıları üçün örnək təşkil edəcək. Buna özüm kimi əminəm.

Azər HƏSRƏT

siyasi şərhçi