Deputat cəzalandırılma tələb edir

13 Mart 2020 16:00 (UTC+04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova deputat sorğusu göndərib.

AzNews.az xəbər verir ki, bu barədə Reyting.az-a BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Sorğuda deyilir:

“Hörmətli cənab Baş Prokuror,

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı qadağan olunur. Həmin qanunun 26-cı maddəsində qeyd olunur ki, “reklam birbaşa və reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur”.

Göründüyü kimi, qanunla tütün məmulatlarının reklamı qadağan olunsa da, Bakı şəhərində fəaliyyət göstərən bütün qəzet köşklərinin pəncərələrində siqaret qutuları bayıra ünvanlanmaqla xüsusi işıqlandırma sistemi ilə reklam olunur. Dəfələrlə Milli Məclisin iclaslarında, hətta bəzən hökumət üzvlərinin iştirak etdiyi hallarda, mətbuatda bu qanun pozuntularına diqqət çəksəm də qanunsuzluğun aradan qaldırılması istiqamətində heç bir addım atılmamışdır. Qəzet köşklərinin əksəriyyəti məktəblərin, universitetlərin yanında, çox gediş-gəlişli, turistlərin gəzdiyi məkanlarda qoyulubdur. Siqaretin bu formada açıq reklam olunması xarici turistlərdə ölkəmizin mədəni səviyyəsi haqqında mənfi fikir formalaşdırmaqla yanaşı ciddi qanun pozuntusudur. Bildiyimiz kimi, erkən yaşlarından siqaret çəkmək uşaqların tərbiyəsinə, təhsilinə, sağlamlığına ciddi ziyan vurur. Təsadüfi deyil ki, koronavirusun geniş yayıldığı ölkələrin səhiyyə qurumlarının verdiyi məlumata görə, bu virusdan ölüm faktları daha çox siqaret çəkən şəxslər arasınada müşahidə olunur.

Cənab Baş prokuror,

Altıncı çağırış Milli Məclisin ilk açılış sessiyasında ölkə Prezidenti cənab İlham Əliyev xüsusi vurğuladı ki, qanunların icrasına nəzarət gücləndirilməlidir. Açıq söyləmək lazımdır ki, cinayət əlaqəsinə girmiş ayrı-ayrı vəzifəli şəxslərin qanunlara bu cür etinasız münasibəti vətəndaşlarda ölkədə qanunların aliliyinə və cinayətkarlığa qarşı aparılan mübarizəyə ciddi şübhə yaradır.

Hörmətli Zakir müəllim,

Ümid edirəm, Dövlət Reklam Agentliyinin vəzifəli şəxslərinin öz vəzifələrini niyə yerinə yetirmədiklərinin səbəblərini araşdırıb hüquqi qiymət verəcəksiniz. Bunu etmək mümkün olmayacaqsa, qanunların gözdən düşməməsi üçün qanunvericilik təşəbbüsü hüququnuzdan istifadə edib “Reklam haqqında” Qanundan müvafiq qadağanın çıxarılmasına dair Milli Məclisə təklif verməyinizi xahiş edirəm”.