Azərbaycanı hədəf seçən Mübariz Mənsimov haqqında BİLMƏDİKLƏRİNİZ — ŞOK FAKTLAR

19 Mart 2020 18:39 (UTC+04:00)

Mübariz Mənsimovun İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq araşdırması nəticəsində həbsi ətrafında xüsusi kampaniya başladılıb. Kampaniyanın həbs edilən Mübariz Mənsimovun hüquqlarının müdafiəsi əvəzinə Azərbaycana və Azərbaycan dövlətçiliyinə qarşı həyata keçirildiyinin şahidi oluruq. Nə qədər absurd olsa da, Mübariz Mənsimovun Azərbaycanın sifarişi ilə həbs olunduğu iddia olunur. Hamı yaxşı bilir ki, bu absurd və cəfəngiyyatdır. Azərbaycana qarşı atılan növbəti iftiradır. Çünki Türkiyə hüquqi dövlətdir və ədalətli məhkəmə sistemi mövcuddur. Kimsə Türkiyə məhkəmə sisteminin fəaliyyətinə təsir və yaxud da müdaxilə etmək iqtidarında deyil. Bunu bütün dünya bilir.
Bir şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, hələ onun həbs edilməsi deyil. Hələ ki, M. Mənsimov barəsində qaldırılan ittihama uyğun olaraq istintaq araşdırması davam edir.

Ancaq buna rəğmən onun həbsi ətrafında süni bir ajiotaj yaradılıb. Bunun da səbəbi bəllidir. Azərbaycanın inkişafını, Azərbaycanla Türkiyə qardaşlığını sevməyən və məqam düşən kimi iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr aktiv fəaliyyətə keçərək, yaranmış durumdan məqsədləri üçün istifadə edirlər. Burada “beşinci kolon”un fəaliyyəti göz qabağındadır. Yalan məlumatlarla sadə insanlarda yanlış düşüncə yaratmaqla prosesin məcrasını tamamilə düzgün olmayan səmtə yönəltməyə çalışırlar.

Təəssüflər olsun ki, kampaniyada bəzi prosesdən xəbərsiz insanlar da iştirak etməkdədir. Mübariz Mənsimov haqqında “qəhrəman” obrazı yaradılaraq cəmiyyətə sırımağa çalışırlar. Günahı cinayətdə ittiham olunan şəxsdə deyil, tamamilə başqa yerdə axtarırlar. Özünü millətini, Azərbaycan və Türkiyə dövlətinin inkişafını və dövlətçiliyini sevən, ona xidmət edən şəxs kimi sırıyan M. Mənsimov özü də həqiqəti gizlədərək, insanları düzgün olmayan səmtə döndərərək, Azərbaycan dövlətçiliyinin sarsıdılmasını hədəf seçir. Biz bunu özünün həbsi ilə bağlı açıqlamasında açıq-aydın görə bilərik. Ancaq onun açıqlamasında ona qarşı sürülən ittihamların heç də Azərbaycana aidiyyatı olmadığının şahidi oluruq. Belə ki, M. Mənsimov həbsi ilə bağlı açıqlamasında deyir ki, ona qarşı irəli sürülən ittihamların kökü daha dərindir və 2017-ci ilə gedib çıxır. Dediyinə görə, 2017-ci ildə də o FETÖ/PDY silahlı terror təşkilatı ilə əlaqədə ititham olunub və bir səbəb tapılmayıb. İndi də o eyni ittihamla barəsində cinayət işinin açılmasının SOCAR və “Lukoil” şirkətləri tərəfindən Türkiyə dövlətinə və hüquq-mühafizə orqanlarına sifarişi əsasında həyata keçirildiyi iddiasını ortaya atıb. Onun dediyinə görə, SOCAR və “Lukoil” şirkətlərinə qarşı başladığı və İngiltərədə davam edən məhkəmə davaları və hüquqi çəkişmələrdən qalib çıxacağından ehtiyat edən adı çəkilən şirkətlər onu qorxutmaq üçün bu yola əl atıblar. Guya bu yolla onu qorxudaraq məhkəmə çəkişməsində geri çəkməyə çalışırlar. Əslində bununla da M.Mənsimov öz əməllərinin üstünü ört-basdır etməyə çalışır.

Amma nədənsə M. Mənsimov onu da unudur ki, “Lukiol” şirkətinin ona qarşı iddiası 2014-cü ilə və daha əvvələ gedib çıxır.

Belə ki, Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali Shipping” şirkətlər qrupunun törəmə şirkəti olan “Palmali” MMC-yə qarşı müflisləşmə prosedurunu başladıb. Məhkəmə müflisləşmə prosedurunun başlanğıcı olaraq şirkət üzərində müşahidə tətbiq edib. “Palmali” MMC-nin müflis elan edilməsinə dair iddianı “Lukoil” şirkətinin Sankt-Peterburqdakı törəmə şirkəti “Lukoil-Bunker” qaldırıb. İddiaçının təklifi ilə məhkəmə “Palmali” MMC-yə kənar idarəçi qismində Ravil Latıpovu təyin edib.

“Lukoil” şirkəti “Palmali”nin ən iri kontragentlərindən biri olub. Mübariz Mənsimovun şirkətinin gəmiləri “Lukoil”un neft məhsullarının Qara dəniz və Baltik dənizi üzərindən daşımalarını həyata keçirib. Lakin son illər tərəfdaşlar arasında münaqişə yaranıb və bu münaqişə artıq mətbuata çıxıb. “Palmali” London Yüksək məhkəməsində “Lukoil”a qarşı 2 milyard dollarlıq təzminat iddiası qaldırıb. İddiaçı bildirir ki, “Lukoil” “Palmali” ilə neft və neft məhsullarının daşınmasına dair müqavilənin şərtlərini pozub. Bu günlərdə isə məlum olmuşdu ki, “Lukoil”in törəmə şirkəti olan “Litasco” “Palmali”nin iki tankerinə bunker hesablarının ödənilməməsinə görə həbs qoydurub.

Rusiya mənbələri bildirir ki, “Palmali” üçün ilk həyəcan zəngi 2014-cü ildə çalınıb. Rusiyanın vergi orqanları “Palmali” MMC-ni vəsaitləri qanunsuz yollarla offşora çıxardığı üçün 6 milyard rubl məbləğində cərimələyib.

Məhkəmə çəkişmələri zamanı şirkət cərimə məbləğinin 1.7 milyard rubla qədər azaldılmasına, habelə Apellyasiya instansiyasında cərimənin ödənilməsinin üç il təxirə salınması barədə qərar çıxarılmasına nail olub. Şirkət bunu belə əsaslandırıb ki, cərimənin hamısını birdən ödəsə müflis olacaq. Beləliklə, “Palmali” həmin məbləği 2018-ci ilin dekabrına qədər ödəməli idi. Ancaq bu öhdəlik icra olunmayıb.

Arbitraj məhkəməsinin sənədlərinə əsasən “Palmali” MMC-nin 51 gəmisi var. Lakin həmin gəmilərin az qala hamısı vergi orqanları ilə məhkəmə çəkişməsi başlayandan bəri “Sberbank”da girovdur. Gəmilərin balans dəyəri cəmi 16 milyard rubl qiymətləndirilir.

“Palmali” MMC 2013-2014-cü illərdə aşağıdakı məbləğlərdə kreditlər alıb: illik 6.7 faiz olmaqla 54 milyon dollar, illik 7 faiz olmaqla 104 milyon dollar, illik 6 faiz olmaqla 60 milyon dollar. İlk iki kreditin ödənilməsi üçün 134 ay, sonuncu üçün 130 ay vaxt qoyulub. Habelə məhkəmə sənədlərinə görə “Palmali” MMC-nin “Lukoil-Bunker”, “Rostovtormet-Yuq” (Taqanroq), “Baltik Turbo” (Sankt-Peterburq), “Priçal ASB” (Həştərxan), “Rusbunker” (Rostov) da daxil olmaqla daha bir neçə müəssisəyə borcları var. 1.7 milyard rubl vergi cəriməsi də hesaba alınmaqla hazırda “Palmali” MMC-nin borcu 18 milyard rubla yaxındır. Bu da şirkətin donanmasının balans dəyərindən yuxarıdır və deməli “Palmali” müflis duruma düşmüş olur.

Rusiya mətbuatı qeyd edir ki, Mübariz Mənsimovun donanmasının “batması” onun Rusiyada vergi orqanları ilə münaqişəsindən sonra sürətlənib. Həmin dövrlər beynəlxalq mətbuatda “Palmali”nin adı İŞİD-in Suriya və İraqdan hasil etdiyi neftin daşınmasında hallanıb. Daha sonra “Lukoil” “Palmali” ilə əməkdaşlığı dayandırıb, Mənsimov London məhkəməsində iddia qaldırıb. Mənsimov bildirir ki, 2005-2010-cu illərdə “Lukoil” şirkəti ilə “məhsuldar əməkdaşlıq” edib. 2010-cu ildə onlar müqaviləni daha 10 illiyə uzadılır. Ancaq yenə də problem həllini tapmır. Və proses davam etməkdədir.
Digər tərəfdən “Lukoil” şirkəti ilə yanaşı “Palmali” nin SOCAR ilə arasında da münaqişənin tarixi xeyli əvvələ gedib çıxır. “Palmali”nin SOCAR-la münaqişəsinin kökündə də qarşı tərəfin öhdəlikləri yerinə yetirə bilməməsi nəticəsində külli miqdarda borc yaranması ilə bağlıdır.

Belə ki, 2018-ci ilin əvvəlində “Palmali Qrup” SOCAR qarşısında öhdəliyini yerinə yetirə bilmədiyindən iki şirkət və arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilir.

Onu da xatırladaq ki, o zaman da “Palmalı Qrup”un şefi M. Mənsimov müxtəlif hoqqalardan çıxaraq Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır. Ancaq M. Mənsimovun onu da unudur ki, o milyonlarını məhz Azərbaycan neft daşımaçılığından əldə edib. Azərbaycan dövlətinin ona yaratdığı imkanlar hesabına milyarder olub. 2017-ci ilin sonunda M. Mənsimovun SOCAR-ı və Azərbaycanı hədəf seçərək ölkəmizə qarşı həyata keçirdiyi çirkin kampaniya zamanı SOCAR məsələyə rəsmi açıqlama gətirməli oldu. Həmin açıqlamada deyilir: “Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər “Palmali Qrup”a məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır”.

Çünki M.Mənsimov o zaman müxtəlif media orqanlarına açıqlama verərək guya gəmiləri SOCAR tərəfindən müsadirə olunub. SOCAR isə bu xəbərlərin yalan və həqiqətə uyğun olmadığını bəyan etdi: “Palmali Qrup”un hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.

Nədənsə M. Mənsimov SOCAR-a qarşı hücumunu Azərbaycan dövlətinə qarşı kimi yox. Onun rəhbərliyinə qarşı kimi təqdim etməyə çalışır və bu yolla ölkəmizə qarşı başladığı iftiraxarakterli hərəkətlərini, əməllərini gizlətməyə çalışır. Ancaq nədənsə unudur ki, SOCAR özəl şirkət deyil, dövlət şirkətidir və onun fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Şirkətin rəhbərinin kim olmasından asılı olmayaraq, həmin şəxs dövlət başçısının neft-qaz sənayesi sahəsindəki yürütdüyü siyasəti birbaşa icra edir. O baximdan da SOCAR dedikdə elə Azərbaycan anlamına gəlir.

Hətta bir neçə il öncə dünya mediası M. Mənsimovun rəhbərlik etdiyi şirkətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyindən müflisləşməi haqqında yazılar da gedib. Yəqin ki, M.Mənsimov və Azərbaycanda çox adamlar, xüsusən onu dəstəkləyənlər bundan xəbərsiz deyil.

Hələ onu qeyd etmirik ki, bir neçə il bundan öncə “Palmali”də yaranmış maliyyə böhranı nəticəsində şirkətin gəmilərində çalışan işçilər etiraz aksiyası keçirərək, əməkhaqqılarının verilməməsinə etiraz etmişdilər. Fakt olaraq 2018-ci ilin əvvəlində M.Mənsimova məxsus Azov dənizində reyddə dayanan "Riroil 5” neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib. Tankerinin 12 heyət üzvündən 7-I Rusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb. Adı çəkilən gəmi Malta bayrağı altında üzüb. Dənizçilər bildirib ki, türk şirkətinin heyət üzvləri qarşısında əmək haqqı borcu 100 mn dollardan çoxdur. Bəzi dənizçilər artıq 8 aydır ki, maaş almırlar. Dənizçilər "Palmali” şirkətini məhkəməyə verməyə hazırlaşırlar.

Bundan əvvəl "Palmali”nin daha üç gəmisində heyət üzvlərinin əmək haqlarının verilməməsinə etiraz olaraq aclıq aksiyası elan etdikləri haqda xəbərlər yayılıb.

M.Mənsimov nədənsə yenə də baş verənlərin üstündən keçərək, insanların gözünə kül üfürməklə özünü millət xilaskarı kimi təqdim etməyə çalışır. Ancaq üfürdüyü külün öz gözünə düşəcəyini unudur. Mübariz onu da yaxşı anlayır ki, gec-tez etdiyi əməllər üzə çıxacaq. Ona görə də bacardığı qədər ictimaiyyəti aldatsın və insanların beyninin yanlıq informasiyalarla doldursun. Bu yolla gündəmə gətirməklə, ictimai basqı təşkil etməklə özünü müdafiə etməyə və yenidən qanunsuz əməllərindən qurtulmaq istəyir.

O hədəfinə nail olmaq üçün bu dəfə daha yeni taktikalara əl ataraq 18 yaşlı qızını və səhhətini ortaya atıb. Bu məqsədlə insanların həssas nöqtələrini bilən M.Mənsimov əməliyyatçıların səhərin erkən saatlarında bir ailənin evinə basqın edərək, 18 yaşında olan qızının yuxuda ikən otağına girdiyini yazır. Belə həssas məqamlarla insanları müdafiəsinə qoşmağa çalışır. Lakin əməliyyat qrupunun əməliyyat keçirdiyi yerdə istənilən otağı və yeri yoxlamaq hüququna malikdir. Nədənsə bunu demək istəmir. Digər bir metod kimi aclıq aksiyası və özünə qəsd edəcəyi barədə xəbərlərə yaymaqla istintaqa təsir etməyə çalışır. Bütün bu deyilənlər onu deməyə əsas verir ki, M.Mənsimov yenə də öz dələduzluğunu davam etdirmək niyyətindədir. Bu yolla əldə etdiyi milyonları qoruyub saxlamağa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Ancaq insanlar hansı mövqedə olmasından asılı olmayaraq hüquq qarşısında bərabər hüquqa malikdir və etdiyi əmələ görə cəzasını çəkməlidir.

Ölkə.Az