Nəqliyyat müfəttişlərindən görünməmiş özbaşınalıq

27 May 2013 13:53 (UTC+04:00)
Nəqliyyat Departamentinin müfəttişləri törətdikləri ağlasığmaz qanunsuzluqla yenidən gündəmə gəliblər.

Bu barədə AzNews.az-a daxil olan məlumatda departament işçilərinin öz səlahiyyətlərini aşaraq, sadə vətəndaşları necə incitməsindən bəhs edilir.

Seyfəddin Mirzəyev adlı vətəndaşdan daxil olan şikayətdə deyilir ki, nəqliyyat müfəttişləri ötən həftə ona və maşınına məxsus bütün sənədləri qanunsuz olaraq alıblar və artıq 4 günə yaxındır ki, heç bir səbəb göstərmədən geri qaytarmırlar. S.Mirzəyev deyir ki, o, heç vaxt taksi fəaliyyəti ilə məşğul olmayıb. Müfəttişlərin onu qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olmaqda ittiham etməsi absurddur: "Mən işə gedərkən tələbə qohumumu və qonşumu da yol üstü "20 yanvar" metrosuna düşürtdüm".

Şikayətçi deyir ki, ötən həftə şəxsi maşını ilə yaxın qohumlarını Metronun "20 Yanvar" stansiyasının yaxınlığında düşürüb yoluna davam etmək istədikdə, iki nəfər Nəqliyyat Departamenti müfəttişi cəld onun maşınına əyləşiblər. Daha sonra isə onu qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olmaqda ittiham edib, sürücülük vəsiqəsini və maşının texniki pasportunu zorla əlindən alıblar.

S.Mirzəyevin sözlərinə görə, Nəqliyyat Departamentinin özünü Orxan Əliyev kimi təqdim edən müfəttişi zorla aldıqları sənədlərin əvəzinə ona üzərində heç bir möhür və ya digər rəsmi əlamət olmayan çek veriblər. Şikayətçi deyir ki, artıq 5 gündür ki, nəqliyyat departamentinin əməkdaşları onun sənədlərini qeyri-qanuni şəkildə qaytarmırlar.

S.Mirzəyev deyir ki, müfəttişlərin verdiyi çeki yol polisləri rəsmi sənəd saymadığı üçün qəbul etmir və buna görə də günlərdir maşın sürə bilmir: "Yol polisi özü sənədləri alanda əvəzinə talon verir və bu talon da qanuni olaraq sürücülük vəsiqəsini əvəz edir. Ancaq nəqliyyat müfəttişlərinin verdikləri çeki yol polisi qəbul etmir. Polisə izah etmək olmur ki, mənim sənədlərimi müfəttişləri müsadirə edib".
Şikayətçi nəqliyyat departamentinin işçilərinin bu cür özbaşınalıqlarını bir kəsin dayandırmasını tələb edir.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun mobil telefonuna, Nazirlikdə bu barədə məlumat əldə edə biləcəyimiz bütün şöbə və departamentinə zəng etsək ki, suallarımızı cavablandırmağa heç kimi tapa bilmədik. Nazirliyin "Qaynar Xətt"ində bizə verilən nömrədə əyləşən bir hüquqşünas isə bu məsələ ilə bağlı heç bir formada kömək edə bilməyəcəyini bildirdi. O, Nəqliyyat Departamentində hər kəsin reyddə olduğunu söylədi.

Azər
AzNews.az