Vüqar İskəndərov: "Onlar Azərbaycana qarşı qərəzli yanaşdıqlarını bir daha təsdiqlədilər"

29 Mart 2020 13:37 (UTC+04:00)

Azərbaycan hökumətinin atdığı müsbət addımları, ölkəmizdə həyata keçirilən islahatları görməzdən gələn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərinin qarşıdurma, əsassız ittihamlar, açıq yalanlar və təhdidlər yolunu seçməsi Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanıb. Hesab edirəm ki, AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi.

Bunu AŞPA məruzəçiləri Sunna Evarsdottir, Rocer Geyl və Ştefan Şennakın Azərbaycana qarşı son açıqlamasına münasibət bildirən millət vəkili Vüqar İskəndərov deyib.

Millət vəkilinin sözlərinə görə bu açıqlama nə siyasi, nə də mənəvi baxımdan qəbul edilə bilməz: "Əvvəla ölkəmizdə həyata keçirilən islahatlar, o cümələdən bu islahatlar fonunda baş tutan parlament seçkiləri və xalq tərəfindən seçilən müxalifət nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisdə rəhbər vəzifələrə seçilmələri Azərbaycanın demokratik prinsiplərə sadiqliyini bir daha təsdiqlədi. Lakin AŞPA məruzəçilərinin həm bunları, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa müraciətində bir daha istisnasız olaraq bütün siyasi partiyaları və ictimai hərəkatları dialoq və əməkdaşlığa dəvət etməsini görməzdən gəlmələri onların Azərbaycana qarşı siyasi qərəzindən və qeyri-sağlam niyyətindən xəbər verir".

Məruzəçilərin bu qərəzli açıqlamasının indiki məqamda ortaya çıxmasının mənəvi baxımdan qəbuledilməzliyinə gəlincə millət vəkili "Dünyanı bürüyən COVID-19 pandemiyası şəraitində Azərbaycanda əhalini infeksiyadan qorumaq üçün bütün dövlət strukturları şəffaf və ardıcıl şəkildə fəaliyyət göstərir. Bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilir və həmin təşkilat tərəfindən müsbət qiymətləndirilir. Lakin bütün dünyada insanlar bu gün ümumbəşəri həmrəylik ehtiyacı içində olduğu halda Azərbaycan hökumətinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirdiyi tədbirləri hədəfə alaraq, məlum açıqlamanı verən AŞPA məruzəçiləri mənəvi baxımdan aşındıqlarını da sərgiləmiş oldular".

Vüqar İskəndərov onu da deyib ki, koronavirus səbəbindən yaranmış ağır durumdan sui-istifadə edərək ölkə daxilindəki vəziyyəti gərginləşdirmək istəyən radikal müxalifət partiyalarının təmsilçiləri və onların bu cür antidövlət, antixalq mövqeyindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərən AŞPA məruzəçiləri öz çirkin niyyətlərinə çatmayacaqlar: "AŞPA məruzəçiləri Sunna Evarsdottir, Rocer Geyl və Ştefan Şennak da daxil ölkəmizə qarşı qərəzli yanaşanlar bilməlidirlər ki, Azərbaycan müstəqil dövlətdir və heç kəs, heç bir qurum bizimlə diktə dili ilə danışa bilməz. Radikal müxalifət partiyalarının təmsilçilərinin təxribatçı əməllərinə gəlincə, cənab Prezidentin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı bəyan etdiyi kimi bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın".