“Hər bir redaksiya öz namizədini irəli sürməlidir“

27 May 2013 18:20 (UTC+04:00)
"Jurnalistlərə tikilən binadakı mənzillərin paylanması meyarlarına yenidən baxmağa ehtiyac yoxdur".


Mayın 27-də "Media forum" saytına açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib.

Şura sədri qeyd edib ki, ortaq meyarlar təklif olunub: "Hansı parametrlərdən baxsaq, ümumi rəqəm on ildir. İstər son üç ildə davamlı olaraq fəaliyyət göstərməsi, istər üç ildə iş yerini dəyişməməsi, istər də jurnalistin on il təcrübəyə malik olması ortaq meyarlardır. Bu meyarlara cavab verən jurnalistlər Azərbaycanda çoxdur. Hər bir redaksiya meyarlara əsaslanıb öz namizədini irəli sürməlidir".

Mayın 23-də Mətbuat Şurası İdarə Heyəti jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli evin mənzillərinin bölüşdürülməsi meyarlarının müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılıb.

Yekunda belə təkliflər verilib:

Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.

Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Redaksiya iclasını çağırmalı, namizəd(lər)ini müəyyənləşdirməli; Azərbaycan Mətbuat Şurasına məktub ünvanlamalıdır (möhürlü və imzalı).

Redaksiyanın məktubunda bunlar yer almalıdır:

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin əmək kitabçasının surəti;

- namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);

- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli;

- namizədin tərcümeyi-halı.

KİV redaksiya iclasının vaxtını Azərbaycan Mətbuat Şurası ilə razılaşdırmalı və həmin iclasda Mətbuat Şurasının nümayəndəsi də iştirak etməlidir.

Göstərilən sənədlər iyun ayının 15-dək Azərbaycan Mətbuat Şurasına təqdim edilməlidir.

Azərbaycan Mətbuat Şurası toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim edəcək.

AzNews.az