Aqil Abbas: “Ad günü keçirməyi xoşlamıram”

1 Aprel 2020 10:54 (UTC+04:00)

Əməkdar jurnalist bu gün 67 yaşını qeyd edir.

Ad günü təəssüratlarını “525.az”la bölüşən deputatdan sosial izolyasiya dövründə bu günü necə qeyd edəcəyini soruşduq. Yazıçı isə cavabında heç zaman ad gününü təmtəraqlı qeyd etmək tərəfdarı olmadığını dedi: “Mən heç vaxt ad günlərimi keçirtməmişəm. Heç 60 və 65 illik yubileylərimi də keçirtmədim. Bu dəfə də ailəmlə birlikdə evdə olacağıq, kənardan yəqin ki, kimsə gəlməyəcək. Ailəmlə birlikdə keçirtmək mənə bəs edir. Bir povestimdə də yazmışdım ki, ad günü keçirtməyi xoşlamıram”.

Fürsətdən istifadə edib Aqil Abbasdan sosial izolyasiya günlərini necə keçirtdiyini də soruşduq. Yazıçı da bir çox həmkarı kimi zamanını yaradıcılığına ayırdığını dedi: “Böyük əsər yazmıram, amma köşələr, hekayələr yazıram, vaxtımı daha çox yaradıcılığa sərf edirəm”.

Qeyd edək ki, Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Azərbaycanın əməkdar jurnalistidir. 1990-cı ildə «Ədalət» qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət"in baş redaktoru olub. Hazırda təsisçisidir.

2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci, 2020-ci ildə 6-cı çağırışına deputat seçilib.