Bakıdakı Qran-pri növbəti ilə təxirə salındı

4 Aprel 2020 17:29 (UTC+04:00)

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb.

Milli Paralimpiya Komitəsinin (MPK) Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qurum Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib.

Anlaşmaya əsasən turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq.

IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi üçün komitəyə müraciət edib.

Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın təşkili ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, daha öncə Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb.