Bu şəxslər də birdəfəlik yardım üçün müraciət edə bilməz

7 Aprel 2020 20:48 (UTC+04:00)

“Şəxsiyyət vəsiqəsinin müddəti bitənlər birdəfəlik yardıma müraciət edə bilməyəcəklər”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, həmin şəxslər şəxsiyyət vəsiqəsini yeniləməlidirlər: “Onlara gündə 2 saatlıq çıxmağa icazə verilir. Müraciət üçün də hələ vaxta var. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslər haqqında biz elektron məlumat ala bilməyəcəyik”.

S. Babayev əlavə edib ki, 18 yaşdan yuxarı övladların hər hansı qazancı valideynlərin birdəfəlik yardım almasına təsir etməyəcək: “Övladlar özləri sərbəst müraciət edə bilərlər. Övladın əməkhaqqı və ya sosial müavinət alması valideynlərin birdəfəlik yardımdan imtina almasına səbəb olmur. Bu həmçinin, valideynləri sosial müavinət alan övladlara da aiddir”.