Prezident Xanlar Vəliyevə yenidən vəzifə verdi

9 Aprel 2020 13:26 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

AzNews.az bildirir ki, Hərbi Prokurorluğun Mətbuat xidmətindən faktı Qaynarinfo-ya təsdiqləyiblər.

Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən, Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Prezident İlham Əliyevin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Prezidentin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.

Prezidentin 18 mart 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.

Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.