Sahib Alıyev MM-də Tərtərin problemlərindən danışdı

9 Aprel 2020 18:12 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Millət vəkili Sahib Alıyev hökumətin ötən ilki fəaliyyəti, təmsil etdiyi Tərtər rayonunun problemləri ilə bağlı çıxış edib və bəzi təkliflər irəli sürüb.

AzNews.az Millət vəkilinin Milli Məclisdəki çıxışını təqdim edir:

"Hörmətli xanım sədr, dəyərli həmkarlar, artıq səsləndirlilməsi səbəbindən və vaxta qənaət üçün rəqəmlər sadalamayacağam. Sadəcə onu bildirmək istəyirəm ki, 2019-cu ildə təkcə ÜDM deyil, dövlətin hərbi, təhlükəsizlik, sabitlik, siyasi, geosiyasi, mədəni, humanitar və idman potensialı da artdı. Bütün bu artımlarda əlbəttə, iqtisadiyyat bazis rolunu oynayır, amma uğurlu, effektli idarəçilik olmayan yerdə ölkənin maddi və insan resurslarının həcmiylə, vətəndaşların durumu, yaşam standartı eləcə də dövlətin gücü, nüfuzu arasında uyğunsuzluq yaranır ki, bunu bir çoxlarının timsalında biz aydın görürük.

Gücdən söz düşmüşkən, bilirsiniz ki, "U. S. News & World Report"un ötən il tərtib etdiyi və dünyanın 200 ölkəsindən sadəcə 80 ən nüfuzlusunun salındığı reytinq cədvəlində Azərbaycan 45-ci yerdəydi. Onu da bilirsiniz ki, bizim iki qonşumuz- Gürcüstanla Ermənistan heç bu cədvələ salınmamışdılar və orada biz hətta Avropanın Portuqaliya, Çexiya, Rumıniya, Xorvatiya kimi orta çəkili dövlətlərindən belə öndə idik.
Xatırladaq ki, reytinq tərtibi zamanı birincisi, dövlət başçılarının liderlik keyfiyyətləri, sonra ölkənin iqtisadiyyatının möhkəmliyi, dünyada nüfüzu, ordusunun gücü və geniş qlobal əlaqələri əsas götürülür. Beləliklə, bu reytinq cədəvəli özü də ölkəmizin hazırkı durumu və Prezidentimiz cənab İlham Əliyevin necə qüdrətli bir lider olduğunu növbəti dəfə ortaya qoyur.

Dİqqət yetirsək görəcəyik ki, real faktlara dayanan, qərəzsiz çıxış edən beynəlxalq qurumların ötən ilki hesabatlarında Azərbaycan təkcə regionda deyil, dünyada qabaqçıllar sırasında yer alır. Hörmətli baş nazirin də vurğuladığı kimi Dünya Bankına görə, biz 20 ən islahatçı ölkənin sırasındayıq. Davos Forumu bildirir ki, islahatlara meyillilik baxımından dünyada 5-ci, dövlətin uzunmüddətli strategiyasına görə isə 10-cu yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalı üzrə biz dünya ikincisiyik. İnklüziv İnkişaf İndeksində Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB-də isə birinci idi ki, burada əsas sub-indikatorların arasında gəlirlərin ədalətli bölgüsü də var. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan dünyanın ilk 18-liyində, polis orqanlarına güvən məsələsində 30-cu pillədə yer alıb.

Bəli, biz bu gün hökumətin ötən ildəki iqtisadi-sosial fəliyyətini qiymətlədiririk, ancaq təcrübə də göstərir ki, sabitlik, təhlükəsizlik baxımından problem olan ölkələrə kimsə sərmayə qoymaq istəmir, qoysa da ağır şərtlər irəli sürməklə bunu edir. Ona görə də Azərbaycanda ötən ilki iqtisadi uğurların kökündə ölkədə təhlükəsizliyi, əmin-amanlığı təmin edən güc strukturlarının da rolu az deyil. Və təkcə bunda yox. Cənab Prezidentin şəffaflıqla bağlı tələblərinə məhəl qoymayaraq yenə də öz çirkin əməllərini davam etdirən korrupsioner, rüşvətxor məmurlara qarşı ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatlar və onun bu il də davam etdirilməsi göstərir ki, iqtisadi artımdan danışılırsa, burada güc strukturlarının da rolu danılmazdır.
Ötən il mənim fikrimcə, idarəçilikdə, bütövlükdə , cəmiyyətdə belə demək mümkünsə, halallıq, şəffaflıq əmsalının sürətlə artmasıyla da tarixə düşdü. Bu şəffaflıq əmsalının artmasının əgər iqtisadi terminlə ifadə etməli olsaq, multiplikatifv effektini təkcə nəzərdə tutulandan bir milyard manat çox vəsaitin büdcəyə çəlb edilərək maaş, təqaüd, pensiya və müavinətlərin artmasına yönəlməsində deyil, digər sahələrdə də özünü göstərdiynin və göstərəcəyinin şahidi oluruq, olacağıq. Çünki harda şəffaflıq və halallıq əmsalı nə dərəcədə yüksəkdirsə, orada dayanışma, hakimiyyətdən razılıq, insanların öz potensiallarını reallşadrımaq imkanları bir o dərəcədə yüksəkdir.

Ötən ilki uğurlardan danışarkən Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycana donor ölkə statsusu verməsinə toxunmamaq olmaz. Baxın, biz müstəqilliyinin ilk illərində kreditə əşhədü-ehtiyac duyandan kreditora və mühüm investora, ardınca da donor ölkəyə çevrildik ki, bu da dövlətimizin yumşaq güc potensialının və əlbəttə, geosiyasi çəkinsin arması deməkdir.

Çıxışımın əvvəlində mən ötən il ÜDM də artımla yanaşı dövlətin geosiyasi çəkisinin də artdığını vurğulayarkən Cənub Qaz Dəhlizi layihəsinin üçüncü mərhələsinin də uğurla sona çatması, ölkəmizin şərq-qərb, şimal-cənub marşrutları üzrə nəqliyyat qovşağı statusunun möhkəmlənməsiylə yanaşı, bu kimi faktları da nəzərdə tutrdum. Ötən il dövlətimizin hərbi, mədəni, humanitar, idman potensialının artdığı haqda fikirlərimin də arxasında konkret faktlar dayanır, sadəcə vaxt azlığından sadalaya bilmirəm və keçirəm bir sıra problemlərə.
Bu problemləri Milli Məclisdə təmsil etdiyim Tərtərin və tərtərlilərin timsalında çatdıracağam. Rayonumuz keçən il kənd təsərrüfatının bir çox sahələrində uğurlu göstəriciləriylə fərqlənənlərin sırasında idi ki, dövlət başçısının yanında keçirilən müşavirədə də buna toxunuldu. Və orasını da deyim ki, cənab Prezidentin qərhəman adlandırdığı Tərtər camaatı bu uğurlu nəticəni ötən ilki quraqlıqda kəskin su çatışmazlığı şəraitində əldə ediblər.
Mən büdcə mzkirələrində də dedim, düşmənin Sərsəngdən gələn suyun qarşısnı kəsməsi səbəbindən yeraltı su balansı pozulduğundan subartezian quyularının sayının çoxaldılmasıyla bu qıtlıq aradan qalxmayacaq, əksinə gələckdə bir az da artacaq. Ona görə də rayonun su təminatıyla bağlı özündə dəryaça tikintisini də nəzərdə tutan yeni layihə reallaşdırılmalı, ümumiyyətlə, təkcə Tərtərdə deyil, ölkənin hər yerində təcili olaraq suvarmada geniş şəkildə innovasiyanın tətbiqinə başlanmalı, bütünlüklə damla suvarma sisteminə keçirlməlidir. Və mən bu fikirdəyəm ki, həm də həvəsləndirici, təşviqedici təsirini də nəzrər alaraq bu innovasiyaya kütləvi keçid ilk növbədə Tərtər kimi kənd təsərrüfatında daha uğurlu nəticələrə əldə edən rayonlardan başlanmalıdır. Elektrik təsərüfatının yenilənməsindən tutmuş, məktəblərin, digər sosial obyektlərin əsaslı təmiri və tikintisinədək bir çox məsələlərin həllində fikrimcə, Tərtər kimi cəbhə bölgələrinə daha çox diqqət ayrılmalıdır.
Buradakı çıxışlarımda demişəm və yenə də təkrarlıyıram, biz bunu unutmamalıyıq ki, cəbhə bölgələrində reallaşdırılan istənilən infrastruktur layihəsi, ora sərmayənin qoyulması ikili təyinatlıdır, ordumuza da dolayı, bəzi hallrda isə birbaşa dəstəkdir.
Cəbhə bölgəsi olduğundan Tərtərdə işsizliyin səviyyəsi və sosial müavinətə ehtiyac duyanlarımız da digər bölgələrdəkindən çoxdur. Son iki ildə bu sahədə şəffaflaşma yolunda böyük addımlar atılması faktı danılmazdır və mən bunu alqışlayıram. Amma açıq deməliyik ki, sosial müavinətin ödənməsi mexanizmində bir sıra mürəkkəbliklər var ki, bunlar tezliklə həllini tapmalıdır.

Bir çoxları sosial yardıma ehtiyac duyduqları və buna haqq etdikləri halda onu ala bilmirlər. Təəssüf ki, vaxt azlığından detallarıyla söyləmək olmur, qısaca deyim ki, torpaq mülkiyətçisi dünyasını dəyişəndən sonra o ailənin üzvləri və ya yeni ailə quraraq ata-analarından ayrılanlar müavinət almaq istəyərkən tələb edilən sənədlər üçün xeyli miqdarda rüsum ödəmək reallığıyla üzləşirlər. Onlarda buna pul olmadığından qalırlar müavinətsiz. Fikrimcə, sosial müavinətin ona ehtiyac duyan və haqq edənlər üçün əlçatan olması üçün sosial sığorta haqqında qanununa dəyişikliklər tələb olunur.

Başqa bir vəziyyət, baxın, qanuna görə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər işsiz kimi qeydiyyata alına bilməzlər. Amma tutaq ki, keçən ilki quraqlıqda xeyli adamın torpaq payı əkin-biçin üçün yararsızlaşsa da, onların yiyələrinin işsiz kimi qeydə alınmalrında problemlər yarandı.
Pensiya təminatında da müəyyən problemlər var. Pensiya təyinatı zamanı vətəndaşın 1 illik pensiya kapitalı sosial sığorta haqqının onun fərdi hesabına vaxtında daxil edilməməsi səbəbindən aldığı pulda öz əksini tapmır. Bu da adamlarda haqlı narazılığa səbəb olur.

Üzərində durmaq istədiyim bir məslə də yeni ev tikənlərlə bağlıdır. Öncə onu deyim ki, son 5 ildə Tərtədə 1093 fərdi evlər tikilib və onların da bəziləri cəbhənin cəmisi bir neçə yüz metrliyindədir. Bu reallıq xalqımızın torpağına bağlılığı, ordusuna inamı və təbii ki, ölkədəki əmin-amanlıqdan qaynaqlanır. Amma yeni tikilən evlərə elektirk, qaz çəkilişi zamanı çətinliklər meydana çıxır, o üzdən də onların bir çoxuna köçə bilmirlər. Çünki texniki şərtlərə görə ev transformatordan 400 metrədək məsafədə olduqda bunun üçün 167 manat 50 qəpik ödənilir, çox olduqda isə həmən rəqəm bir sıra hallarda 10 dəfəyədək artır. Bunu ödəyə bilməyən vətəndaş qalır elektirksiz və onunla bağlı yaranan narzılıq da texniki şərtləri hazırlayanlara yox, vətəndaş məmunluğu baxımından örnək qurmlarımızdan biri və birincisinə - ASAN xidmətə yönəlir. Çünki rüsum ora ödənilir və izin də oradan alınır. Qaz çəkilişində də oxşar problemlərlə üzləşilir.

Olmazmı ki, yeni evlərə elektirk enerjisi, qaz çəkilərkən ödəniləcək vəsait onların transformatordan, əsas borudan deyil, sonuncu dayaqdan, yaxınlıqdakı xətdən uzaqlığı ölçülməklə hesablansın. Axı o evlərə elektrik və qaz yenindən transformatordan, əsas borudan yox, axırıncı dayaqdan, yaxınlıqdakı xətdən çəkilir. Mən tez bir zamada bu sadaladığım problemlərin həllini tapacağına ümid edirəm və hökumətin ötən ilki fəaliyyətini bütövlükdə müsbət qiymətləndirirəm. Diqqətinizə görə təşəkkür edirəm"!

AzNews.az