Pandemiya sınağı: Azərbaycan Prezidenti necə fərqləndi?

20 Aprel 2020 10:24 (UTC+04:00)

Keçən ilin son günü şad-xürrəm şəkildə evlərimizdə, restoranlarda yeni ilin gəlişini qeyd edərkən qarşıda bizi gözləyən bəşəri fəlakətdən xəbərsiz idik. Sən demə dünyanın hansısa bir nöqtəsində, hansısa bir cihazda və ya cisimdə inkişaf edən, modern tibbə yad olan təhlükəli bir virus növü bütün bəşəriyyətə hücum edəcək, hətta təkəbbüründən yerə-göyə sığmayan dövlətləri belə qarşısında diz çökdürəcəkdi...
Artıq 2020-ci il yanvarın 13-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gözəgörünməz düşmənin kimliyini təsbit etmişdi, fevralın 12-də isə adı qoyuldu - COVİD-19.
Bir tərəfdə təpədən-dırnağa qədər ultramüasir tibbi ləvazimatlarla, dərman preparatları ilə silahlanmış bəşər övladı, digər tərəfdə isə mikroskopik “taclı”...
Beləliklə müharibə başladı...
Tarix elminə aşina olanlar yaxşı bilirlər, ən müzəffər sərkərdələr belə düşməni xəfifə aldıqları zaman bədəlini ağır ödəyiblər. Evin qapısını şiddətlə döyən, hətta içəri sızmağa müvəffəq olan virusa istehza ilə yanaşan, ciddiyə almayan, müxtəlif konsprioloji fərziyyələrlə rəhbərlik etdikləri xalqların başlarının altına yastıq qoyan ölkə rəhbərləri indi kollektiv immunitetdən mədət umur, təbii seçmə qanunundan dəm vururlar.
Hansı ki, vaxtında məsuliyyətli və uzaqgörən davranmaq lazım idi!
Eynilə Azərbaycan Prezidenti kimi...
Gəlin yeni növ koronavirusun dəhşətli bir kabusa dönərək əsir aldığı bəzi dövlətlərin (güclü iqtisadiyyatları və səhiyyələri ilə öyünən) virusa qarşı mübarizə strategiyalarına birlikdə nəzər salaq.

Amerika Birləşmiş Ştatları

Yanvarın 21-də fövqəldövlət ABŞ-da ilk COVİD-19 infeksiyasına yoluxma faktı qeydə alındı. Fevralın 12-də ABŞ Prezidenti Tramp Ağ Evdə təşkil edilmiş mətbuat konfransında “aprel ayında havalar isinəcək və bu virus möcüzəli şəkildə yox olacaq” deyə “don’t worry” ədası ilə kameralara gülümsəyirdi (https://edition.cnn.com/…/donald-trump-coronavir…/index.html)
(Qeyd: Fransada yerləşən Aix-Marseille universitetinin tibb fakültəsində virologiya, biotexnologiya, genetik və molekulyar biologiya üzrə ixtisaslaşmış dəyərli elm adamı Boris Pastorinonun COVİD-19 üzərində apardığı sınaqlar ABŞ Prezidentinin irəli sürdüyü fikri darmadağın edir. Aparılan sınaqların heç də xoş olmayan nəticəsinə görə COVİD-19 yalnız 92 dərəcədə məhv olurmuş. Həm də 15 dəqiqə müqavimət göstərdikdən sonra (https://www.newsweek.com/coronavirus-heat-kill-virus-1498074). Eyni zamanda hal-hazırda kifayət qədər isti havaların müşahidə edildiyi ərəb ölkələri də bu pandemiyadan əziyyət çəkirlər).
Fevralın 24-də isə Donald Tramp ölkədə yeni növ koronavirusa yoluxanların sayında artış olmasına baxmayaraq vəziyyətin nəzarət altında olduğunu, ÜST-lə birgə və koordinasiyalı şəkildə hərəkət etdiklərini söyləyirdi. Bir neçə gündən sonra Tramp ÜST-ü öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilməməkdə ittiham edərək, bu təşkilata ayırdıqları maliyyə yardımını dayandırdı. Sən demə “günahkar” ÜST imiş...
(Hər halda siz də mənim kimi ÜST sədri Tedros Adhanom Qebreyesusun Prezident İlham Əliyevə həm bu təşkilata verdiyi dəstəyə, həm də pandemiyaya qarşı mübarizədə qətiyyətli və rasional mövqeyinə görə təşəkkür etdiyini xatırlayırsınız. Sitat: Azərbaycan hökumətinə və Azərbaycan xalqına da verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon dollar ianə verib. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik. (https://azertag.az/…/UST_un_bas_direktoru_Azerbaycan_hokume…). Xatırladaq ki, sıralarında 200-ə yaxın ölkəni birləşdirən ÜST dünyanın tibb administrasiyası kimi pandemiyaya qarşı əzmlə mübarizə aparır).
İldırım sürəti ilə ölkəyə yayılan epidemiyaya qarşı laqeyd davranan ABŞ höküməti yalnız insanların kütləvi şəkildə öldüklərini gördükdən sonra təhlükənin dəhşətli miqyasının fərqinə vardı. Amma bu fərqinə varmışlıq artıq dünyasını dəyişmiş 40 minə yaxın insan üçün heç nə ifadə etmir. Ölüm sayı durmadan artır, yoluxma sayı isə 750 min nəfəri ötüb. Dəhşətli statistikadır....

İngiltərə

Bir neçə gün öncə bu ölkənin ən nüfüzlu media orqanlarından biri hesab edilən “Metro News” İngiltərəni Avropanın “xəstə adamı”na bənzətdi (https://metro.co.uk/…/uk-labelled-sick-man-europe-cases-fa…/). Bəli, vaxtilə İngiltərənin baş naziri tərəfindən Osmanlı İmperiyası üçün işlədilmiş bu ifadə indi İngiltərənin özü üçün istifadə edilir. Tarixin ironiyası dəhşətlidir!
Sirr deyil ki, Avropadakı bir çox ölkə kimi İngiltərə də koronavirus təhlükəsini ilk başlarda ciddiyə almamışdı. Hətta dünyanın hər tərəfində epidemiya tüğyan edərkən bu ölkədə 250 min nəfərin iştirak etdiyi at yarışları keçirilirdi. Sonradan məlum olacaqdı ki, epidemiyanın geniş yayılmasında, ölüm hallarının birdən-birə sıçrayış göstərməsində məhz bu yarışların böyük rolu olmuşdur... İngiltərənin Baş naziri Boris Conson da pandemiya ilə bağlı təxminən Donald Trampla eyni mövqeni bölüşürdü. Ümumiyyətlə bu ikili hər zaman bir-birilərinə bənzədilib. Həta 100 milyonluq ölkənin hökümət başçısı kameralar önündə koronavirusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxananı ziyarət etdiyini, onlarla əl verib görüşdüyünü qürurla anladır və bəlkə də fərqində olmadan şəxsini nümunə göstərərək insanları sosial izolyasiyaya əməl etməməyə çağırırdı (https://www.theguardian.com/…/i-shook-hands-with-everybody-…). Nəticə özünü çox gözlətmədi və acınacaqlı oldu. Conson və hamilə sevgilisi COVİD-19-a yoluxaraq, karantinə alındılar, hətta Conson reanimasiya şöbəsində müalicə olundu...
Dumanlı Albionda isə matəm havası hökm sürür. 17 minə yaxın insan həyatını itirib, 120 min insan xəstəliyə yoluxub. Epidemiya isə artan xətt üzrə inkişaf edir...

İran

İraq, Əfqanıstan, Bəhreyn, Küveyt, Ümman, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Pakistan, Gürcüstan, Estoniya, Yeni Zenlandiya, İsveç, Belarus, Azərbaycan, Qətər və Ermənistana koronavirusun İrandan keçə biləcəyi demək olar ki təsdiq olunub. Fevralın 19-da İran hökuməti ilk dəfə rəsmi açıqlama verərək, vəziyyətin təhlükəli olmadığını, “əbədi və əzəli düşmənlər” tərəfindən virus təhdidinin şişirdildiyini bildirdi. Prezident Ruhaniyə görə isə İran əhalisinin birinci vəzifəsi "düşmənlərin qəsd nəzəriyyələrindən və qorxu dəllallığından" uzaq durmaq olmalı idi. Hətta müqəddəs Kəbə belə ziyarətlər üçün qapadılsa da İran uzun müddət Qum şəhərinə giriş-çıxışı məhdudlaşdırmadı. Hər gün ölkə daxilindən minlərlə insan bu şəhəri ziyarət edir, müxtəlif dini ritualları icra edir, türbələrin, ziyarətgahların minlərlə əl tərəfindən təmas edilən qapı və məhəccərlərini hətta öpürdülər. Birmənalı olaraq deyə bilərik ki, İranın Qum şəhəri bu ölkədə koronavirus epidemiyasının episentri oldu. Martın 20-də BBC İrandakı vəziyyət haqqında yazırdı: “Virus sürətlə yayılır və yoluxma sayları durmadan artır. Ancaq şəhərdə dərhal karantin elan etmək əvəzinə, Ayətullah Xameneyinin təmsilçiləri (məsələn, Məhəmməd Seydi) hacıların bu şəhərə (Qum) ziyarətini təbliğ edən kampaniya aparır. "Biz bu müqəddəs məbədi bir sağalma mərkəzi kimi görürük. İnsanlar ruhi və fiziki xəstəliklərindən qurtulmaq üçün bura gəlməlidirlər"” (https://www.bbc.com/news/world-middle-east-51930856)
Hal-hazırda İranda məktəblər, universitetlər və digər təhsil müəssisələri bağlanıb, futbol yarışları ləğv edilib, Tehranda genişmiqyaslı dezinfeksiya tədbirləri həyata keçirilib, vətəndaşlara səyəhət etməmək və evlərindən çıxmamaq tövsiyə olunub. İran İslam Respublikasınn qurulduğu 1979-cu ildən bəri ilk dəfə cümə namazları təxirə salınıb. Sıxlıq faizi yüksək olan həbsxanalarda virusun yayılmasının qarşısını almaq üçün 54 min məhkum müvəqqəti olaraq azad edilib (https://www.thesun.co.uk/…/iran-frees-54000-prisoners-figh…/, https://www.bbc.com/news/world-middle-east-51723398). Gec də olsa, İran höküməti epidemiyanın qarşısını almaq üçün bütün qüvvəsi ilə səy göstərir.
Ölüm sayı isə 5 minə yüksəlib.
Kədərli gözlər Tehrana yox, göyə dikilib...

İsveç

Skandinaviyanın incilərindən olan İsveç daha ilk gündən yeni növ koronavirusa laqeyd yanaşması ilə seçilib. Pandemiyanın əleyhinə heç bir tədbir görmədiyi üçün hətta Trampın tənqidlərinə tuş gələn (baxmayaraq ki, hazırda Donald Tramp özü də pandemiya qarşı mübarizədə yetərli tədbirlər almamaqda ittiham edilir) bir ölkədə indiyə qədər atılmış ən ciddi addım 50 nəfərdən artıq insanın eyni məkana toplanmasının qarşısını almaq olmuşdur (https://www.thelocal.se/…/what-you-need-to-know-about-swede…). Trampın İsveçin kollektiv immunitet sistemi vasitəsilə əhalidə virusdan qorumaq planları barədə tənqidi çıxışına cavab olaraq bu ölkənin xarici işlər naziri Ann Linde ölkəsinin elə bir siyasət yürütmədəyini, sadəcə insanlardan daha məsuliyyətli olmalarını, restoran və bar sahiblərindən könüllü şəkildə tənzimləmə mexanizmləri hazırlamaq və qabaqlayıcı tədbirlər görmələrini xahiş etmişdir (https://www.independent.co.uk/…/coronavirus-sweden-trump-lo…).
Aralarında Nobel fondunun rəhbəri də olmaqla minlərlə həkim və akademikin hökumətə daha ciddi tədbirlər görülməsinin vacibliyi ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq (hətta onlardan biri hakimiyyəti əhali ilə “Rus ruleti” oynamaqda günahlandırır) (https://www.dailymail.co.uk/…/article-8190397Swedens-Prime-…), hələ də məktəb və bağçaların bağlanmadığı və paytaxt Stokholmun restoran və barlarında insanların qruplar şəklində kapuçinolarından zövq aldığı ölkənin vəzifəli şəxsləri əhalini könüllü olaraq sosial məsafəni saxlamağa və əllərinin vaxtlı vaxtında yumağa səsləyir (https://www.nytimes.com/…/wo…/europe/sweden-coronavirus.html).
Nəticə etibarilə yoluxma sayının 15 min nəfərə yaxın olduğu ölkədə ölü sayı 1500 nəfəri ötmüş və İsveç virusun yoluxma faizinə, yayılma arealına görə öndə olan ölkələrdən biridir.
Siyahını uzada bilərik, amma əmin olun dünyanın əksər ökəsində eyni mənzərə, eyni səbəb-nəticə gerçəkliyi mövcuddur.
Bəs Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası dövründə necə davrandı?
Böyük məsuliyyət hissi ilə, əsl rəhbər kimi, sadəcə bu günü deyil həm də gələcəyi düşünən lider kimi... Azərbaycan nadir ölkələrdən biridir ki, koronavirus pandemiyasını vaxtında cilovlamağı bacardı və dünya ölkələri arasında bu istiqamətdə ciddi tədbrilər görən ilk ölkələrdən biri oldu. Nümunə kimi ölkədə mart ayının 2-də ümumtəhsil müəssisələrinin bağlanmasını göstərmək olar (https://www.reuters.com/…/azerbaijan-bans-wedding-celebrati…). Avropada ilk dəfə martın 4-də İtaliyada (https://www.theguardian.com/…/italy-orders-closure-of-schoo…), martın 12-də isə Danimarkada (https://www.dailymail.co.uk/…/Denmark-goes-coronavirus-lock…) eyni önləyici tədbirlər alındı. Əksər ölkələrdə müvafiq ardıcılıq müşahidə edilir.
Bu gün ölkəmizin pandemiya ilə mübarizə strategiyası öyrənilir, tətbiq edilir. İstər əhalin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər, istər xaricdə yaşayan azərbaycanlıların ölkəmizə zamanında təxliyyə edilməsi, sosial izolyasiya, ardınca isə karantin rejiminin tətbiq edilməsi rasional düşüncənin məntiqi nəticəsi olduğu kimi, qlobal böhran dövründə ölkəmiz üçün risk faktorunu minimuma endirdi. Və ən önəmlisi bütün bu tədbirlər zamanında həyata keçirildi. Ona görə də indi ölkəmizdə xəstəliyə yoluxma nisbətində müsbət dinamika müşahidə edilir. Sağalanların sayı hər gün daha da artır. Ölüm sayı digər ölkələrlə müqayisə olunmayacaq qədər azdır.
Təbii, təhlükə hələ ötüşməyib, amma artıq hər bir azərbaycanlıda epidemiya ilə bağlı öz rəhbərinə dərin inam hissi formalaşıb: “Prezident həll edəcək”. Bəli, qlobal böhran dünya miqyasında İlham ƏIliyev fərqini ortaya çıxardı. Ümumiyyətlə pandemiya fəlakətinin uğurla dəf olunması prosesinə görə Prezident İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Eyni zamanda O, Azərbaycan xalqı ilə düzgün kommunikasiya qurmağı bacardı, beləliklə hər bir azərbaycanlını müsəlləh əsgər kimi öz ətrafında səfərbər etdi. Milli birlik, mili dayanışma bu mübarizənin ana vektorunu təşkil etdi. Məşhur Çin filosofu Lao Tzunun təbirincə desək: “Ən yaxşı liderlər iş bitdiyi zaman hər kəsin biz bu işi birlikdə bacardıq deyə bilmələrini təmin edə bilən insanlardır”. Məhz İlham Əliyev də xalqı bu şüar ətrafında səfərbər olmağa çağırmışdı: “Biz birlikdə güclüyük”. Tamamilə doğrudur, amma bir daha yəqin etdik ki, biz, eyni zamanda, İlham Əliyevlə güclüyük. Addım-addım yaxınlaşdığımız qələbədə hər kəsin payı var və ya olacaq, amma qələbənin memarı İlham Əliyevdir!

Bəhruz Həsənov