Koronavirus aşkarlanan ölkələrin sayı 212-yə çatdı

1 May 2020 13:26 (UTC+04:00)

Daha iki ölkədə “COVİD-19” aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, artıq dünyanın 212 ölkəsində 3 308 678 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı milyonu, ölənlərin sayı isə 234 mini keçib.

AzNews.az bildirir ki, virusun yeni ayaq açdığı ölkələr isə Tacikistan və Komor adalarıdır.

Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayından təqribən 3 dəfə çoxdur.

Belə ki, ölkədə 455 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 17-nin vəziyyəti ağır, 24-nün orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 24 nəfər virus səbəbindən həyatını itirib, 1325 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə yoluxma halı milyonu keçib. İspaniyada sağalanların sayında müsbət dinamika müşahidə olunur. Belə ki, Avropada ən çox sağalma halı bu ölkədədir: 137 min. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 28 minə yaxınlaşır.

Qonşu Türkiyədə yoluxma sayı artıq 120 mini ötüb. İranda koronavirusdan sağalanların sayı hər ötən gün daha da artır. Ölkədə 75 mindən çox xəstə sağalıb. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 32 min aktiv xəstə var.