Tehranda Suriya müzakirələri

29 May 2013 13:49 (UTC+04:00)
Bu gün İranın paytaxtı Tehran şəhərində Suriya ilə bağlı beynəlxalq konfrans keçirilir. "Siyasi həll yolu; regionun sabitliyi" devizi altında keçirilən toplantıda 40-a yaxın ölkənin, eləcə də regional və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Bir günlük toplantıda Suriyadakı böhrandan çıxmaq üçün diplomatik həll yollarını tapmaq əsas diqqət mərkəzindədir. Beynəlxalq tədbirdə ölkəmizi xarici işlər nazirinin xüsusi müşaviri Məmməd Əliyev təmsil edir.

Bu barədə AzNews.az-a Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bütün məsələlərdə, o cümlədən Yaxın Şərqdə gedən proseslərlə bağlı keçirilən tədbirlərə dəvət alır. Suriya məsələsi ilə bağlı müzakirələrə də məhz BMT TŞ-nın üzvü kimi dəvət olunub. Ümumiyyətlə, Azərbaycan mühüm qərarların qəbul olunmasında yer alır. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artvası deməkdir".

Qeyd edək ki, bu barədə İran mətbuatı həmin ölkənin Azərbaycandakı səfiri M. Pakayinə istinadən hələ bir neçə gün öncə məlumat yayıb. Səfir rəsmi Tehranla Bakının Suriya ilə bağlı məsələdə mövqeyinin eyni olduğunu vurğulayıb. Səfir bildirib ki, bu günlərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərq regionu ilə bağlı beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirak etməklə öz fəaliyyətini genişləndirib.

Ruhiyyə
AzNews.az