Mayın 4-də azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da mübarizə aparacağı şahmat üzrə onlayn Millətlər Kubokunun püşkatması keçirilib.
AzNews.az xəbər verir ki, onlayn turnirin birinci turunda qarşılaşacaq komandalar müəyyənləşib.
Şahmatçımız T.Rəcəbovun da yer aldığı dünya yığması mayın 5-də birinci raundda Çin komandası ilə üz-üzə gələcək. Dünya yığmasının heyətində, həmçinin FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca, misirli Bassem Amin, ukraynalı Mariya Muzıçuk, eləcə də ehtiyat oyunçular perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakassova təmsil olunurlar. Yığmanın kapitanı isə FIDE prezidenti Arkadi Dvorkoviç olacaq.
Digər qarşılaşmalarda Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə mübarizə aparacaqlar. İkinci raundda dünya yığması Hindistan, Rusiya ABŞ, Avropa Çin qarşılaşmaları keçiriləcək. Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.
Yarışın qrup mərhələsi mayın 5-9-da, final mərhələsi isə 10-da baş tutacaq.