Peru Respublikasında koronavirus səbəbindən karantin rejiminin müddəti mayın 24-dək uzadılıb və komendant saatı yumşaldılıb.
AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkə Prezidenti Martin Viskara açıqlayıb.
“Biz koronavirus səbəbindən fövqəladə vəziyyət rejimini bazar gününədək, mayın 24-dək uzatmalıyıq”, - o deyib. Dövlət başçısının sözlərinə görə, karantinin bitməsi xəstəliyin yeni dalğasına gətirib çıxara bilərdi.
Ölkənin bir çox bölgələrində komendant saatının fəaliyyəti azaldılacaq. Əgər indi o, saat 18:00-da başlayır və 04:00-da bitirsə, mayın 11-dən o, saat 20:00-dan 04:00-dək olacaq.
Şimal bölgələrində isə o, əvvəlki cədvəlində qalacaq – 16:00-dan 04:00-dək.
Qeyd edək ki, indiyədək Peruda ümumilikdə 61,8 min koronavirusa yoluxma halı qeydə alınıb. 1 714 nəfər vəfat edib.