Dövlət İmtahan Mərkəzi tələbə qəbulu ilə bağlı qaydaları açıqlayıb.
AzNews.az xəbər verir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.
Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçirilir.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarının birinə daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):
1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən iyunun 5-dək olan müddətdə özləri təsdiq edirlər:
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;
- Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;
- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.
2. Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra 2020-ci il mayın 18-dən iyunun 5-dək DİM-in internet saytından elektron qaydada növbə götürərək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə müvafiq səhifədə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiz.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):
1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən mayın 12-dən iyunun 5-dək olan müddətdə özləri təsdiq edirlər:
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;
- Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;
- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər.
Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra 2020-ci il mayın 18-dən iyunun 5-dək DİM-in internet saytından elektron qaydada növbə götürərək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, tələb olunan sənədlər, imtahanların keçirilməsi, müsabiqə şərtləri və digər məsələlərlə müvafiq səhifədə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan, Orta ixtisas TM”) tanış ola bilərsiz.