“Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır”

14 May 2020 17:08 (UTC+04:00)

Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, dövlət məmurlarının iş prinsipi, bəzi məmurların yol verdiyi nöqsanlara toxunub. Qeyd edib ki, rüşvətxorluqda və korrupsiyada təqsirli bilinərək həbs edilən rayon icra hakimiyyəti başçıları dövlətin ayırdığı vəsait hesabına tikinti işləri apararkən ciddi pozuntulara yol verib, pul mənimsəyib, ardınca da tikilən mənzilləri insanlara pulla satıblar. O, bütün bu faktların hamısının üzə çıxdığını söyləyib: "O mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm. Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. ...Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında etimadı doğrultmayan, korrupsiya və rüşvətxorluğa yol verən, nəfsinə sahib ola bilməyənlərin mənəvi keyfiyyətlərinin aşağı səviyyədə olduğunu söyləyib. Qeyd edib ki, onların bir qismi Azərbaycanı müstəqil və güclü görmək istəməyən çevrələrə bağlıdırlar: "O adamlar ki, korrupsiya və rüşvət faktlarına görə tutulur, cəzalandırılırlar, onların bir çoxu illərlə maaş almadan belə, çox gözəl yaşaya bilərlər. Çünki özlərini və hətta nəsillərini artıqlaması ilə təmin ediblər. Yəni maddi baxımdan hər şeyləri var. Amma çox təəssüf ki, mənəviyyatları yerində deyil. Onlar hamıdan əvvəl dövlət başçısının başlatdığı bu prosesi dəstəkləyərək, səmimi etirafda bulunmaqdan tutmuş, mənimsədiklərinin heç olmasa bir hissəsini dövlətə qaytarmağadək, nə lazımdırsa etməliydilər. Amma etmirlər. Çünki nəfslərinə düşkündürlər. Etmirlər, çünki bu prosesin nəyə xidmət etdiyini, nə üçün başladıldığını və elə onların özlərinin övladları, nəvə-nəticələri üçün də nə qədər önəmli olduğunu anlayacaq səviyyələri yoxdur. Etməyənlərin bir hissəsi də, açığını deməliyik ki, Azərbaycanı müstəqil və güclü görmək istəməyən çevrələrə bağlıdırlar. Və onların bağlı olduqları çevrələr yaxşı bilirlər ki, atılan bu addımlar ilk növbədə dövlətimizin müstəqilliyinin daha da gücləndirilməsinə, onun dayanıqlığının möhkəmlənməsinə xidmət edir”.

Millət vəkili deyib ki, hər bir dövlətin müstəqilliyinin möhkəmliyi, təkcə onun iqtisadi potensialına, hərbi qüdrətinə və sairə bağlı məsələ deyil, həm də oradakı hallalıq və şəffaflıq əmsalından asılıdır. Onun fikrincə, başladılan proses orta və yüksək vəzifəlilərin qanunsuz əməllərinin qarşısını alacaq: "Mən bu fikirdəyəm ki, cənab Prezidentin başlatdığı bu proses uğurla davam edəcək. Necə ki ASAN Xidmətin yaradılması ilə xırda rüşvətxorluq faktları tam aradan qaldırıldı, eləcə də indi atılan addımlar orta və yüksək vəzifəlilərin qanunsuz əməllərinin qarşısını alacaq. Bunun üçün ilk növbədə dövlət başçısı səviyyəsində qəti və üstün iradə var. Sosioloji Tədqiqat Mərkəzinin araşdırmaları da göstərir ki, əhalinin böyük əksəriyyəti cənab Prezidentin başlatdığı bu prosesi dəstəkləyir və siyasi elita da bu reallığı görməyə, ondan çıxış etməyə bilməz”.

Millət vəkili vurğulayıb ki, bu prosesin bir ucu gedib işğal altındakı torpaqlarımızın qaytarılması perspektivinə dayanır: "Biz onu bilməliyik ki, işğal altındakı torpaqlarımızın qaytarılması üçün təkcə ordumuz deyil, dövlətimizin bütün institutları haylarınkından qat-qat güclü və peşəkar, cəmiyyətimiz onlarınkından daha mütəşəkkil və daha yetkin olmalıdır. Bunlar isə az öncə dediyim kimi, həm də dövlətdəki şəffaflıq və halallıq əmsalının səviyyəsindən asılı məsələlərdir. Hər bir azərbaycanlı təkcə ordusu ilə yox, ədalətli hökmlərinə görə məhkəməsi, savadına, peşəkarlığına və təmizliyinə görə məmurları, mütəxəssisləri ilə də qürur duymalıdır. Cənab Prezident məhz bunu istəyir, buna çalışır. Mən varlığım kimi əminəm ki, belə olduğu halda, haylara hansı güclər havadarlıq edir etsin, istəyir bütün dünya arxalarında dursun, onların əllərində bir qarış belə torpağımız qalmayacaq”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da bildirib ki, Prezident İlham Əliyev xəyanət yolunu tutan, korrupsiya və rüşvətxorluğa bulaşan məmurlara qarşı mübarizədə siyasi iradə və qətiyyət nümayiş etdirir. O, buna misal kimi xəbərdarlıqlara baxmayaraq öz çirkin əməllərini davam etdirən bir neçə icra başçısının Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanmasını, vəzifələrindən azad olunduqdan sonra Məhkəmə qaydası ilə barələrində həbs qərarı çıxarılmasını göstərib: "İctimaiyyətə təqdim olunan əməliyyat çəkilişlərindən aydın olur ki, korrupsiya və rüşvətxorluq əməllərinə yol verən məmurlar, hətta aztəminatlı ailələrə verilən yardımları mənimsəyib, ictimai işlər üçün nəzərdə tutulmuş minimum əməkhaqqı kartlarını özlərində saxlayıb, hər ay o kartlardan pulları çıxarıblar. Halbuki, həmin ictimai iş yerləri heç bir gəliri olmayan vətəndaşlar üçün nəzərdə tutulub. Beləliklə, həmin məmurlar ölkədə xoşagəlməz hallara zəmin yaradıblar. Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, belə halların qarşısı alınacaq, korrupsiya və rüşvətxorluğa yol vermiş məmurlara qarşı daha ciddi tədbirlər görüləcək”.

Millət vəkili Prezident İlham Əliyevin fikirlərinə istinad edərək deyib ki, başladılan proses, sadəcə yerli icra orqanlarını deyil, mərkəzi icra orqanlarını da əhatə edəcək, davamlı olacaq: "İki gün öncə mərkəzi icra orqanında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat, ictimaiyyətə təqdim olunan məlumat, iki vəzifəli şəxsin saxlanılması buna əyani misaldır. Prezident bütün məmurlara xəbərdarlıq etdi ki, çirkin əməllərə yol verməsinlər, Azərbaycan xalqına, dövlətə və dövlətçiliyə xidmət etməklə vəzifələrinin icrası ilə məşğul olsunlar. Dövlət başçısı bildirdi ki, neqativ əməllərə yol verənlərin artıq "dərmanı” tapılıb. Bu, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyatlardır. Ölkə rəhbərinin göstərişi ilə onlar belə neqativ halların qarşısını qətiyyətlə alacaqlar. Çünki korrupsiya və rüşvətxorluq həm ölkənin inkişafına böyük zərbə vurur, həm də xalqı, xüsusən də aztəminatlı insanları narazı salır. Ona görə də, belə neqativ hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.



Rufik İSMAYILOV