Avstriya bu ölkələrlə sərhədləri açır

17 May 2020 13:02 (UTC+04:00)

Avstriya mayın 17-dən etibarən Almaniya, İsveçrə və Lixtenşteyn ilə yanaşı, həmçinin Çexiya, Slovakiya və Macarıstanla sərhədlərini açır.

AzNews.az xəbər verir ki, bu barədə Federal Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, məqsəd yenidən sərnişin və yük daşımalarını təmin etmək, xüsusilə də sərhədyanı bölgələrdə yaşayan və çalışan insanların sərbəst şəkildə sərhədi keçməsini asanlaşdırmaqdır.

Mayın 17-dən etibarən sadalanan ölkələrlə sərhəddə hər bir avtomobildəki şəxslərin sağlamlıq vəziyyəti daha yoxlanılmayacaq, bu proses yalnız xüsusi hallarda və reydlər zamanı həyata keçiriləcək. Macarıstandakı miqrasiya vəziyyəti ilə əlaqədar sərhəd-keçid məntəqələrindəki yoxlanışlar isə qüvvədə qalacaq.

Məlumatda, həmçinin bildirilir ki, Daxili İşlər, Avropa Məsələləri və Xarici İşlər nazirlikləri növbəti addımlarla bağlı qonşu ölkələrin müvafiq qurumları ilə əlaqəli iş aparırlar. Epidemioloji vəziyyət icazə verərsə, o zaman bu ölkələrlə sərhədlər iyunun 15-də ikinci mərhələ çərçivəsində tam şəkildə açıla bilər.