Elmar Məmmədyarovun həmsədrlərlə videokonfransı oldu

18 May 2020 20:23 (UTC+04:00)

Mayın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüş keçirib.

Xarici İşlər Nazirliyindən (XİN) AzNews.az-a verilən məlumata görə, görüşdə həmçinin Fransa və ABŞ həmsədrlərinin köməkçiləri iştirak ediblər.

Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər.

Tərəflər, pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.