“Bibiheybət”də yaşıllıq zolaqları salınır

22 May 2020 11:12 (UTC+04:00)

Bu gün nəinki Azərbaycanın, dünya neft sənayesinin beşiyi sayılan “Bibiheybət” yatağında neft-qaz hasilatı ilə yanaşı, yaşıllaşdırma və abadlıq işləri davam edir.

AzNews.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunur ki, birliyin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən yataqda 2006-cı ildən etibarən mühüm ekoloji layihələr həyata keçirilməkdədir. Belə ki, 2006-2020-ci illər ərzində NQÇİ-də sovetlər dönəmindən qalmış neftlə çirklənmiş ərazilərdə daxili imkanlar hesabına və podratçı təşkilatlar cəlb edilməklə 320 hektar mədən ərazisində rekultivasiya və torpaqların bərpası işləri görülüb. Hər il yaz-payız aylarında keçirilmiş ənənəvi iməciliklər zamanı bərpa edilmiş mədən ərazilərdə, eləcə də sahələrin, inzibati binaların ətrafında müxtəlif növ ağac, gül kolları əkilib, həmçinin mütəmadi olaraq yaşıllaşdırma sahələrində ağaclara aqrotexniki qulluq göstərilir.

1991-ci ildən NQÇİ-də çalışan Ətraf mühitin mühafizəsi xidmətinin rəisi Zaur Rüstəmovun sözlərinə görə, bu ilin mart ayından başlayaraq “Bibiheybətneft” NQÇİ-nin yolkənarı sahəsində yerləşən 28 quyunun quyuətrafı ərazilərində tikinti-quraşdırma işlərinə başlanıb, mövcud yaşıllıqlara yeni dizayn verilməsi və əlavə yaşıllıq sahələrinin salınması işləri görülüb: “30 ilə yaxındır ki, bu idarədə çalışıram. Son aylar “Bibiheybət” yatağında yaşıllaşdırma ilə bağlı gördüyümüz işləri xüsusi olaraq vurğulamaq lazımdır. Çıxardığımız neft-qaz istehlak olunur və milli sərvətə çevrilirsə, əkdiyimiz ağaclar isə ekologiyamızı, ətraf mühitimizi sağlamlaşdırır, gələcək nəsillərə xidmət edir”.

Magistral yolun kənarında 10 hektar ərazidə 3000 zeytun ağacı əkilib, 1000 kvadratmetr qazon örtüyü sərilib, işçilərin, eləcə də ətrafda yaşayan insanların asudə vaxtlarında istirahət etmələri üçün 2 çardaq, 1 bulaq tikilib. Həmçinin quyuların ətrafına səkilər düzülərək müxtəlif növ dekorativ kol və gül bitkiləri əkilib.

Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən NQÇİ-nin yaşıllaşdırma sahələrindəki 68000 ağaca aqrotexniki qulluq göstərilir. Yataqda mövcud olan ümumi yaşıllaşdırma sahəsi isə 36 hektara bərabərdir. Ərazidəki mövcud yaşıllıqlara qulluq edən NQÇİ-nin əməkdaşı Əhmədyar Həsənov isə bildirir ki, ağacı əkməklə bərabər, ona qulluq etmək, su vermək də bir o qədər vacibdir: “Çalışırıq ki, vaxtlı-vaxtında bu yaşıllıqlara qulluq edək, onları qoruyub saxlayaq. Ümid edirəm ki, zaman gələcək, neft yatağı kimi tanınan “Bibiheybət” böyük yaşıllıq zonasına çevriləcək”.

Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov və digər rəhbər şəxslərin iştirakı ilə “Bibiheybət” yatağında yeni salınan yaşıllıq zolaqları və abadlaşdırılan quyuətrafı ərazilərə baxış keçirilib.