Tacikistan lövhələri – FOTOSİLSİLƏ

30 May 2013 09:28 (UTC+04:00)
Tacik dilində danışan bu qardaş xalqın dili fars dili qrupuna aid olsa da, çox gözəl, cazibədar və ahəngdardır. Onlar danışanda elə bil ki, musiqi dinləyirsən. Danışıq səsləri həzin bir musiqini xatırladır. Söhbət edən zaman heç səslərini qaldırmazlar.

Azəriləri çox sevirlər. Yəni Düşənbə şəhərinin küçə və bazarlarında gəzəndə, dindirdiyin insan tacikcə cavab verməsə, azərbaycanlı olduqlarını zənn edərsən. Mərkəzi Asiya xalqları içərisində fizionomiyaları bizə daha çox oxşayanlar taciklərdir, desəm, yanılmaram. Hər tərəfdən dağlarla əhatə olunmuş Düşənbə şəhəri sabaha, aydınlığa çıxmaq üçün çabalayır. Əfsuslar olsun ki, qonşu Mərkəzi Asiya Respublikalarında bunu istəməyən qonşuları da mövcuddur. Qışda bu ölkədə enerji böhranı olur.

Bizlərdən fərqli olaraq, Tacikistanda iş günü səhər saat 8-də başlayıb, axşam saat 17.00-da bitir. Bununla ölkə enerjiyə qənaət etmiş olur. Küçələrində xeyli sayda dilənçilər var. Tacik qadınları ərə gedən gününün səhərisi başlarına örtük örtürlər. Yəni ki, hər bir gəlin ömrünün axırına kimi başına yaylıq bağlamalıdır. Qadınlar və kişilər əsasən milli paltarlara üstünlük verirlər. Hətta prezident Emimali Rahmanun oğlunun toyunda iştirak edən bütün qadınlar – prezidentin xanımı, bacıları, qızları—bir sözlə əksəriyyət milli tacik paltarında olublar. Bu çəkdiyim fotolar isə Düşənbədəki insanların həyatlarının bir anı və bir günü idi. Onlar Abu Əli İbn Sinanı, Rudəkini dünyaya bəxş edən Şərqin gözəl diyarlarından biri olan taciksitanlıdırlar!

Aida Eyvazlı
AzNews.az