Aslan İsmayılov hakimiyyətdən oğluna ultimatumla vəzifə almaq istəyir - TƏHLİL

23 May 2020 09:26 (UTC+04:00)

Dünən saat 16:01 dəqiqədə “Aslan İsmayılov” kod adlı Allahverdi öz Facebook səhifəsində uzun-uzadı və hər zaman olduğu kimi, başdan-başa cəfəngiyyatdan ibarət bir status paylaşıb. Öz statusunda o, sonradan sözünün məcrasını dəyişsə də, hakimiyyətdən təmənnası olduğunu açıqlayıb, iqtidarın ən yüksək ranqlarına, xüsusən də yeni kadr siyasətinə təsir etmək, bu və digər önəmli vəzifələrə təyinatlarla bağlı prezidentə təqdimat vermək imkanına malik olan fiqurlara bilavasitə ultimatum verib, ənənəvi metodu olan şantajla özünə mandat, oğlanlarına vəzifə almaq istəyini nümayiş etdirib. Doğrusu, “Aslan İsmayılov” kod adlı Allahverdi öz statusunda konkret ad çəkərək təhdid və şantaj məzmunlu ultimatumunun ünvanı olaraq övladlarına kimin təqdimatı əsasında vəzifə verilməli olduğuna açıq işarə də vurub. Lakin son bir neçə ildə Azərbaycan prezidenti tərəfindən böyük etimad göstərilən və doğrusu, ölkədə aparılan islahatlara ciddi töhfələr verməkdə olan həmin nazirin adını hallandırmaq, bununla həm məsələnin məğzini kölgədə qoymaq, həm də Allahverdinin şantajına alət olub hakim komandanın möhtərəm bir nümayəndəsinə qarşı istəmədən qüsur işləmək istəmirəm. Bu yazının hazırlanmasında məqsəd odur ki, iki suala aydınlıq gətirək:

Birincisi, “Aslan İsmayılov” kod adlı Allahverdi, doğrudanmı, ömrünü Azərbaycan xalqına, dövlətinə, milli müstəqilliyimizin möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin güclənməsinə sərf edib?

İkincisi, onun oğulları həqiqətənmi Azərbaycan dövlətində, məsələn, Allahverdinin təyinatına qarşı üsyan bayrağı açdığı Seymur Orucovun əvəzinə Ağstafaya icra başçısı təyin olunmağa, ümumiyyətlə bu kimi önəmli vəzifələrə layiqdir?

Suallara aydınlıq gətirməyə çalışaq.

Allahverdi Azərbaycana 1989-cu ilin aprelində qayıdıb və dönəmin Baş prokuroru İlyas İsmayılovun əmri ilə Azərbaycan SSR-nin Baş prokurorluğunda işə başlayıb. Qısa bir müddətdən sonra 1988-ci ildəki məlum “Sumqayıt hadisələri” ilə bağlı iş ona həvalə olunub. Bununla da üzə çıxıb ki, o, Azərbaycana heç də indi özünün elan etdiyi kimi, “müstəqil dövlət qurmağa” yox, imperiyanın maraqlarına xidmət etmək üçün dönübmüş. Nəticədə, hazırladığı rəsmi dövlət ittihamını bu günə qədər ortaya çıxarmadığı məhkəmədə əsrimizin Yamülkisi bir neçə soydaşımızın məsuliyyətini sovet DTK-nın agenti Eduard Qriqoryanla eyniləşdirməklə və onlara ölüm hökmü tələb etməklə xalqımıza qarşı tarixi, bağışlanmaz, bütün dövrlərdə lənətlənəcək bir suç işlədib.

Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə hakimiyyətə gəldikdən sonra o, Baş prokuror olmaq üçün İxtiyar Şirinovla, Bakı şəhər prokuroru olmaq üçün isə, Çingiz Qənizadə ilə intriqa aparıb, ancaq ikisinə də uduzub. O dövrdə Elçibəy komandasında daha bir təsirli qrup olan “Yurd”çulara yaxınlaşıb və Fazil Mustafayevin müdir olduğu PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinə keçib. 1993-cü ilin iyun hadisələri sonucunda Elçibəy hakimiyyətdən getdikdən sonra aparatında işlədiyi prezidenti, şöbə müdirini və bütün komandanı sataraq vəzifəsində qalıb.

Hakimiyyətə gələn Heydər Əliyevə xoş görünmək, bununla vəzifədə qalmaq və ya vəzifəsini artırmaq üçün 1993-cü ildə İlyas İsmayılovu və Rəsul Quliyevi minnətçi salaraq Milli Məclisdə çıxış etmək fürsəti əldə edib. 1993-cü ilin avqustunda- xalqın ən ağır günlərində o, Milli Məclisdə çıxış edərək ümummilli lider Heydər Əliyevə, parlamentə və xalqa ağ yalan danışmaqdan çəkinməyərək Rusiyanın Rostov vilayətində “8 il məhkəmə orqanlarında çalışmışam” deyə öz "təcrübə"si barədə müsbət rəy yaratmağa cəhd edib. Belə ki, Aslan İsmayılov keçmiş SSRİ-nin hüquq üzrə ən aşağı səviyyəli ali məktəblərindən olan, aqrar sahə üzrə ixtisaslaşmış və verdiyi təhsilin naqisliyi ilə "universitet" adına layiq olmadığı üçün yoxlamalara məruz qalmış Kuban Dövlət Universitetini 1983-cü ildə bitirib, 1989-cu ilin aprelindən isə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan SSRİ-nin Baş prokurorluğunda işləyib. Aradakı zaman fərqi 8 il etmir!

1995-ci ildə Aslan İsmayılov çalışdığı Prezident Aparatından, sözün əsl mənasında, qovulur. Belə ki, prezident Heydər Əliyevə məlumat daxil olur ki, Aslan İsmayılov mətbuat konfransı keçirmək, ona və hakimiyyətə qarşı ittihamlar səsləndirmək istəyir. Heydər Əliyev son dərəcə təcrübəli dövlət adamı idi, bir informasiyanı ətraflı araşdırmadan qərar qəbul etməzdi, Aslan İsmayılovun hansı daxili və xarici qüvvələrdən cəsarət aldığını dəqiq müəyyən etməyə bütün imkanları vardı. Odur ki, Aslan İsmayılovun PA əməkdaşı kimi vəsiqəsi əlindən alınır və 15 dəqiqə içərisində “Ağ ev”dən əli ətəyindən uzun çıxarılır.

PA-dan uzaqlaşdırıldıqdan sonra Allahverdi İlyas İsmayılovun yaratdığı “Ədalət” Partiyasına üzv olur, həmin partiya ADP ilə birləşdikdən sonra bir müddət Rəsul Quliyevin tərəfdarına çevrilir. Hüquqşünas Ənnağı Hacıbəylinin dediyinə görə, bir ziyafətdə o özünü “İlyas İsmayılovun qapısının iti” adlandırır. Lakin “qapısının itiyəm” dediyi İlyas İsmayılovu, mərhum Etimad İsmayılovun təbirincə desək, "pul kisəsi"nə satır.

2005-ci ilin parlament seçkilərindən öncə o, köməkçisinə zəng edərək prezident İlham Əliyevdən görüş istəyir. Görüş baş tutur və bundan sonra Aslan İsmayılov sağda-solda “mandatının hazır olması” barədə təbliğat aparır. Lakin 2005-ci ildə mandat əldə edə bilmədiyi üçün öz mövqeyini yenidən kəskin şəkildə dəyəşərək müxalif mövqedən çıxış etməyə başlayır. Xronoloji ardıcıllığı müəyyən qədər pozsaq da, bu məqamda AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının bir sözünü xatırlatmaq yerinə düşər:

“2012-ci il bugünkü kimi yadımdadır. 31 yanvarda, qarlı bir gündə, Novxanıda Rəsulzadənin anım mərasimində bizimlə birgə iştirak edən Aslan İsmayılov, tədbirdən sonra partiya rəhbərliyini evinə xəngəl qonaqlığına dəvət etdi. Əli bəy, mən və Kamil Vəli Nərimanoğlunun iştirakı etdiyi qonaqlıqda ev sahibi kimi ilk sözü də Aslan İsmayılov dedi. Aslan İsmayılov o zaman, biz müavinlərinin belə Əli bəy haqqında demədiyi tərifi deyib, ilk badəni onun şərəfinə qaldırmağı təklif etdi”.

2013-cü ildəki prezident seçkilərindən öncə Aslan İsmayılov Ziyalılar Forumunda peyda olur. Bu təşkilat Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd elan edilməsinə zəmin hazırlamaq məqsədi ilə qurulmuşdu. Lakin qısa bir zamanda Aslan İsmayılov öz xarakterinə uyğun olaraq orada intriqalar çevirməyə başlayır, Rüstəm İbrahimbəyov isə xarici vətəndaşlığı səbəbindən prezidentliyə namizəd ola bilmir. Lakin dəvədən yıxılsa da, höt-hötünə davam edən Allahverdi Cəmil Həsənlini “mənim liderim” adlandırır və mitinqlərdə özünü məzlum obrazında xalqa göstərmək üçün elmi dərəcəsini də danaraq Milli Şuranın propoqandasını aparır. Bu adam Ginnesin rekordlar kitabına düşməyə ona görə layiqdir ki, Azərbaycanda Cəmil Həsənliyə “liderim” deyən başqa kimsə heç zaman olmayıb.

Hazırda Aslan İsmayılov belə rəy yaratmağa çalışır ki, o guya Azərbaycanda prezident İlham Əliyev tərəfindən aparılan islahatları dəstəkləyir və bunun müqabilində hakimiyyətdəki islahatçı məmurlarla yaxşı münasibətləri var. Şəxsən mən onun nə prezidenti, nə islahatları dəstəklədiyinə inanıram, özü haqqında yaratdığı növbəti mifin isə varlanmaq ehtiraslarına xidmət etdiyini düşünürəm. İlk növbədə ona görə ki, Allahverdinin, özünün iddia etdiyi kimi, cəmiyyət içində heç bir nüfuzu yoxdur, hakimiyyətin propoqanda məqsədi ilə onun reytinqindən istifadə etməsi mümkünsüzdür. O necə “nüfuz” sahibidir ki, ictimai-siyasi çəkisi olan bircə nəfər də olsun ona dəstək olmur, hər çıxışından sonra isə minlərlə sosial şəbəkə istifadəçisindən ağır, özünə, yaşına hörmət edən heç kimsənin qulaqardına vura bilməyəcəyi kobud sözlər eşidir?!.

Digər tərəfdən, xahiş edirəm onun bu günlərdə “Azadlıq radiosu”na verdiyi müsahibənin bu məqamlarına diqqət edin. Həmin müsahibənin 25-ci dəqiqəsində Allahverdi deyir: “Heydər Əliyevdən sonra Azərbaycan siyasi səhnəsində elə bir adam varmı ki, mən onu özümdən üstün sayam?” Bu açıqlamanı diplomatik dildən sadə dilə çevirəndə o anlam yaranır ki, əslində, Azərbaycanın ictimai-siyasi səhnəsində ən odioz və çirkli keçmişə malik fərd olan Allahverdi prezident İlham Əliyevə və İlham Əliyevdən sonrakı dönəmdə dövlət başçısı olmasını arzuladığımız çox hörmətli Mehriban xanım Əliyevaya meydan oxuyur. Cır səsi ilə nə qədər zil oxuya bilərsə, oxusun, ancaq əsla yadından çıxarmasın, bu sətirlərin müəllifi də daxil olmaqla Azərbaycanda İlham Əliyevi təmənnasız dəstəkləyənlərlə debata çıxmağa onun heç zaman cəsarəti çatmayıb. Sən hələ cəmiyyət qarşında mənim qarşıma çıx, qarşımda duruş gətir, sonra özünü dövlət başçısı ilə, birinci vitse-prezidentlə müqayisə edərsən...

Aslan İsmayılovun eyni müsahibənin 27:10-cu dəqiqəsində işlətdiyi bu cümlə isə prezident İlham Əliyevə qarşı atılmış iftiraların ən böyüyüdür: “Mən əminəm ki, prezident heç də öz xoşu ilə bu gün prezident deyil”. İsmayılovun bu cümləsinin açıq yozumu budur ki, onun fikrincə, İlham Əliyev heç bir liderlik keyfiyyətinə, müstəqil iradəyə, dövlətçilik missiyasına və gələcəyimizlə bağlı hər hansı viziyaya malik deyil. Hətta an radikal opponentləri belə İlham Əliyevin mükəmməl liderlik keyfiyyətlərinə, son dərəcə geniş intellektə və dünyagörüşə, sarsılmaz iradəyə, böyük qətiyyətə, əsl dövlət adamı kimi Azərbaycan davasındakı fövqalədə missiya daşıyıcısı olmasına, gələcəyimizlə bağlı aydın təsəvvürlərə lokomotivlik etməsinə ciddi bir nöqsan tapa bilmədikləri halda, Allahverdinin bu başından böyük qələti bir şizoid tip olaraq onun ipinin üstünə hakimiyyətdə heç kimin odun sərməməsinin və sərməyəcəyinin əyani göstəricisidir. Məgər onun 1993-cü ildə Talış-Muğan Respublikasının təsis konfransında iştirak və Azərbaycanı federasiyalara parçalamaq üçün “odlu-alovlu” çıxış edən bir seperatçıya mədhiyyələr yağdırdığını mən görürəm, hakimiyyətdəkilər görmür? Yoxsa mərhum Əli Nasirin həmin çıxışını Youtubda hər kəs görür də, Allahverdi tapmırmı?

Bəli, öz aləmində Azərbaycan hakimiyyətinə və siyasi qüvvələrinə ağıl xocalığı etdiyini, sosial şəbəkə üzərindən dövlət idarəçiliyini və siyasi prosesləri yönləndirdiyini zənn edən bu ləkəli bioqrafiya sahibinin bu günlərdə prezident İlham Əliyev tərəfindən Ağstafaya icra başçısı təyin edilmiş Seymur Orucova qəzəbinin pərdəarxasında da tamahkarlıq faktoru yatır. İşin içini bilməyənləri məsələdən hali edim.

Məsələ ondadır ki, Seymur Orucovun bacısı oğlu olduğu Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevlə Aslan İsmayılov 2013-cü ildən bəri qanunsuz zəbt etdiyi və buna görə əlindən alınan torpaq sahəsinin davasını aparır. Səttar Mehbalıyevin 2013-cü ildə APA-ya verdiyi müsahibədən bəlli olur ki, Aslan İsmayılov Bibiheybət qəsəbəsində, dəniz sahilində qanunsuz torpaq zəbt edibmiş və bu barədə rəsmi qaydada məhkəməyə müraciət edilib. Bundan sonra İsmayılov qəbuluna gələrək ondan Bakı şəhərinin meri Hacıbala Abutalıbova minnətçi düşməsini, qanunsuz zəbt etdiyi torpağın sənədləşməsini xahiş edib. Ricası rədd edildikdən sonra isə həmin ərazidə başqa bir torpaq sahəsi zəbt etmiş Zaur Həsənovu qızışdırmağa başlayıb. Bu linkdə hadisənin təfsilatı ətraflı açıqlanır:

https://apa.az/az/sosial_xeberler/xeber_settar_mehbaliyev_____dunen_aslan_ismayilo_-326344

Atalar yaxşı deyib ki, ot kökü üstdə bitər. 1989-cu ildə Sumqayıt hadisələrinə görə soydaşlarımıza ölüm hökmü çıxarılmasını tələb edərək ermənilərə qahmar çıxan, Türkiyə ermənilərinin iddiasını müdafə edərək sosial şəbəkələrdə Azərbaycan şirkətlərinə və iş adamlarına qarşı təhqirlər yağdıran Aslan İsmayılovun oğulları da özündən artıq olası deyil.

Əvvəla, Allahverdi bu günə qədər bir suala cavab verməkdən boyun qaçırır ki, onun oğlanları Bakıda qeydiyyatda ola-ola necə paytaxtdakı hərbi hissələrdə “xidmət” ediblər?

İkincisi, o suala da aydınlıq gəlməyib ki, ABŞ-ın Cənubi Kalifornuya Universitetində təhsil aldığı müddətdə erməni tələbə təşkilatının liderlərindən olmuş, hazırda Tiflisdə mənzillənərək bölgəmiz üçün “gənc liderlər” hazırlayan, mərkəzi hakimiyyətlərin de-sentralizasiyası üzrə ixtisaslaşmaqla Saakaşvilinin yaxın adamlarından sayılan, “məxməri inqilab” projelərinin icrasında iştirak edən, ABŞ kəşfiyyatı ilə əlaqələri barədə internetdə açıq məlumatlar dolaşan Kristina Puşau ilə Aslan İsmayılovun oğlu Ziyəddini hansı tellər, hansı maraqlar bağlayır?

Lap ləğv olunmuş dairələrin birindən deputat olmaq istəyən, ona görə də bu günlərdə etdiyi video çıxışlarının birində çaşıb- Ziqmund Freydin “dil sürüşməsi” ilə bağlı izahını xatırlayın- izləyicilərə “əziz seçicilərim” deyə xitab edən atasını qoyaq bir qırağa , axı erməni diasporunun çox güclü olduğu ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles kimi nəhəng meqapolisdə Azərbaycana qarşı onlarla açıq tədbir keçirmiş CKU Erməni Tələbələr Cəmiyyətinin eks liderinin çənginə düşmüş biri necə ola bilər ki, Azərbaycanda icra başçısı təyin edilsin, yaxud hansısa nazirlikdə önəmli vəzifə tutsun?

Əlbəttə, Azərbaycan hakimiyyətində belə bir planın gerçəkləşməsinə yardım edə biləcək heç bir anti-milli zehniyyət daşıyıcısı yoxdur və gah “təzələr-köhnələr” söhbəti salaraq, gah da “payızda çevriliş olacaq” kimi sərsəm fərziyyələr irəli sürərək suyu bulandırmaq, bulanıq suda balıq tutmaq istəyən “Aslan İsmayılov” kod adlı Allahverdinin unutduğu bir gerçəklik var: İlham Əliyev Azərbaycanda çox güclü dövlət ənənəsi formalaşdırıb!

Taleh ŞAHSUVARLI