Baş redaktordan Ağstafanın yeni icra başçısına dəstək: "Məgər camaatla ingiliscə danışacaq?"

25 May 2020 13:48 (UTC+04:00)

AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı Ağstafaya yeni təyin olunan icra başçısı Seymur Orucova qarşı aparılan "qara PR" kampaniyasına kəskin etiraz edib. Onun Facebbok profilində paylaşdığı statusu olduğu kimi təqdim edirik:

"Ağstafanın yeni icra başçısı Seymur Orucova qarşı qara PR aparılır. Bu qara PR-a qol qoyanları qınayıram. Səbəblərini izah edim.

Əvvəla, siyasi nəzakət qaydaları tələb edir ki, istənilən təyinatdan sonra yeni vəzifə sahibinə ən azı 3 ay "ictimai möhlət" verilsin. Ancaq bu müddət keçdikdən sonra onun öz vəzifəsinə layiq olub-olmaması barədə fikir yürütmək olar.

İkincisi, Seymur Orucova qarşı qara PR aparanların heç biri nə dövləti, nə cəmiyyəti, nə də ölkənin kadr potensialını prezident İlham Əliyev qədər tanıyır. Ona görə də, bəzi dillərin dinməz yerə qoyulmasında fayda var.

Üçüncüsü, S. Orucov Xarici işlər naziri təyin olunmayıb, bir rayona icra başçısı göndərilib. Onun ingilis dilini ən pis səviyyədə bilməsi belə yaxşı haldır, amma məsələyə dəxli yoxdur. Məgər icra başçıları camaatla ingiliscə danışır? Bir icra başçısının əsas işi sözün geniş mənasında xalqın dilini bilməsi, təsərrüfatı idarə etmək bacarığı, verilən tapşırıqları məsuliyyətlə icra etməsidir.

Dördüncüsü, 1992-93-cü illərdə onun uşaq yaşda olması o demək deyil ki, o illər barədə danışa bilməz. Bizim heç birimiz 1514-cü ildə dünyada yox idik, Çaldıran döyüşündən danışmayaq?

Beşincisi, adam YAP üzvüdür, YAP-ın Mərkəzi Aparatında çalışıb, müəyyən vəzifələr tutub. AXCP-ni, Milli Şuranı tərifləməli idi məgər?

Altıncısı, mənim Seymur Orucovla heç bir şəxsi təmasım, dostluğum, tanışlığım yoxdur. Ancaq hesab edirəm ki, sərəncamın mürəkkəbi qurumamış bir gənc kadrı belə hədəfə gətirməklə kimlərsə prezident İlham Əliyevə rest çəkir və bu statusum məhz ona cavabdır.

AzNews.az