Rusiya gələn həftə ilkini tətbiq edəcək - Korona

1 İyun 2020 15:15 (UTC+04:00)

Rusiya gələn həftə koronavirus xəstələrini müalicə etmək üçün ilk təsdiqlənmiş antiviral dərmanı tətbiq etməyə başlayacaq.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, Rusiya xəstəxanalarında dərmanın tətbiqinə iyunun 11-dən etibarən başlanıla bilər və ayda təxminən 60.000 insanı müalicə etmək olar.

Klinik sınaqlardan sonra “Avifavir” adı ilə qeydiyyatdan keçən dərman koronavirusla mübarizədə Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən ilk dərmandır.

Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru Kiril Dmitriyev klinik sınaqlarda 330 nəfərin iştirak etdiyini və dərmanın əksər hallarda virusu 4 gün ərzində uğurla müalicə etdiyini bildirib.

K. Dmitriyev dərmanın Rusiyada tam iqtisadi fəaliyyətin bərpası üçün açar olduğunu, səhiyyə sistemindəki gərginliyi azaldacağını və insanların 90%-nin 10 gün ərzində virusdan sağalacağını qeyd edib.

O, həb formasında olan yeni dərmanın xəstələrin xəstəxanada daha az vaxt keçirmələrinə və yoluxucu olduqları vaxtı azaltmasına imkan verəcəyini deyib.

K. Dmitriyev dərmanın əks təsirinin az olduğunu lakin hamilə qadınlar üçün uyğun olmadığını vurğulayıb. Bildirib ki, Rusiya öz tibbi ehtiyaclarını ödədikdən sonra dərmanın ixracı məsələsinə baxacaq.

Pərvanə