“Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək” - Prezident

4 İyun 2020 21:48 (UTC+04:00)

“Nəzərə alsaq ki, “ASAN xidmət”in 10 səyyar avtobusu fəaliyyət göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində ölkəmizin bütün bölgələrini əhatə edəcəyik və insanlara çox gözəl xidmət göstərəcəyik. Mən hər bir yeni mərkəzin açılışında bir yenilik də görürəm. Çünki “ASAN xidmət” öz fəaliyyətini genişləndirir, ABAD kimi brend artıq fəaliyyətdədir və ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar dövlət dəstəyi xüsusi rol oynayır. Ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını artıq bazara çıxarırlar, eyni zamanda, ixrac etməyə başlayırlar. Bu da ümumi iqtisadi inkişafımıza böyük töhfədir”.

AzNews.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın.

Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar”, - deyə dövlət başçısı əlavə edib.