Müəllimlər üçün müsabiqə elan olundu

5 İyun 2020 16:32 (UTC+04:00)

Kaspi Təhsil Şirkəti və əməkdaşlıq etdiyi 3 yerli şirkət tərəfindən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün orta məktəb müəllimləri üçün yeni, maraqlı bir müsabiqəyə, “Ən yaxşı video dərs” adlı respublika müsabiqəsinə start verilib.

AzNews.az bildirir ki, müsabiqənin təşkliatçıları respublikamızın ən böyük təhsil şirkətlərindən biri olan “Kaspi” Təhsil Şirkəti, “STEMART Academy” məktəblilər üçün robotika və kodlaşdırma mərkəzi, müəllim təlimləri üzrə ixtisaslaşmış Peşəkar Təlim və İnkişaf Mərkəzi (PTİM) və təhsilin informasiyalaşdırılması, elektron məzmun və təhsilin digər sahələrində xidmət göstərən İnnovative Business Products MMC şirkətləridir.

Müsabiqənin əsas məqsədləri Azərbaycan müəllimlərinin video dərs hazırlama bacarıqlarını inkişafını stimullaşdırmaq, müəllimlərin təhsil prosesində İKT-dən istifadə bacarıqlarını inkişaf etdirməyə həvəsləndirmək, müəllimlər arasında video dərs hazırlama sahəsindəki qabaqcıl təcrübənin paylaşılması, eyni zamanda bu video dərslərin əlavə tədris resursları kimi Azərbaycan məktəblilərinin pulsuz istifadəsinə verilməsidir.

“Ən yaxşı video dərs” müsabiqəsi haqqında məlumat:
Müsabiqədə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün orta məktəb müəllimləri iştirak edə bilər. Video dərslər Azərbaycan, Rus, və ya İngilis dilində hazırlanmalıdır. Müsabiqə şərtləri haqda ətraflı məlumatı kaspi.edu.az/video2020 səhifəsindən əldə etmək olar. Namizədlər hazırladıqları video dərsi 25 iyun 2020-ci il tarixinədək youtube platformasına yükləyərək linki kaspi.edu.az/video2020 saytındakı qeydiyyat formasına əlavə etməlidir.
(Müəllimlər tərəfindən daxil olan çox saylı istəkləri nəzərə alaraq son qeydiyyat tarixi 31 may 2020-ci il tarixindən 25 iyun 2020-ci il tarixinə qədər uzadıldı.)
Təqdim olunmuş video dərslər təşkilatçı qrupun təyin etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qaliblər iyun ayında baş tutacaq mükafatlandırma mərasiminə dəvət olunacaqlar. I, II, III yeri tutmuş iştirakçılara Diplom və Pul mükafatı veriləcək. Müsabiqədə iştirak edən bütün namizədlərə iştirak haqda sertifikat veriləcək.
1-ci yerin qalibi -700 AZN
2-ci yerin qalibi -500 AZN
3-cü yerin qalibi- 300 AZN
“Ən yaxşı video dərs” müsabiqəsinin mükafatlandırma mərhələsi 2020-ci ilin iyul ayında keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat üçün: www.kaspi.edu.az/video2020 səhifəsinə daxil ola və ya musabiqe@kaspi.edu.az emailinə yaza bilərsiniz.

Müsabiqədə iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!