Yunanıstan Türkiyə ilə müharibəyə hazır olduğunu BƏYAN ETDİ

6 İyun 2020 23:57 (UTC+04:00)

Yunanıstanın Milli Müdafiə naziri Nikos Panayotopulos ölkəsinin Türkiyə ilə müharibə aparmaq istəmədiyini, amma hadislərin bu səmtdə dəyişməsinə hazır olduğunu deyib. O, Yunanıstan hakimiyyətinin istənilən ssenariyə hazırlaşdığını bildirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə arasında münasibətlər sərhədyanı şelf yataqlarına və miqrasiya böhranına görə gərginləşib. Türklərin İstanbulda Müqəddəs Sofiya kilsəsini məscidə çevirmək istəyi də yunanları qızışdırıb. Ekspertlər Türkiyə və Yunanıstan arasında çoxsaylı mübahisəli məsələləri nəzərə alaraq, hərbi münaqişəni istisna etmirlər.

Bu yaxınlarda Türkiyə yunan adaları yaxınlığında karbohidrogen hasilatına lisenziya almaq üçün ərizələr dərc etmişdi. Bundan sonra Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Türkiyənin digər ölkənin suverenlik hüququnu mənimsədiyini bəyan etmişdi.

İki ölkənin sərhədlərində vaxtaşırı müxtəlif toqquşmalar baş verir. Mübahisəli ərazilərdən biri də Meriç (Evros, Maritsa) çayı sahili boyunca olan sərhəd zonasıdır. Halbuki, Türkiyə və Yunanıstan 1955-ci ildə bu çayda daşqın əleyhinə tikililərin inşasına dair müqavilə imzalayıblar.

Qonşu ölkələr arasında miqrasiya məsələsi də münaqinin qızışmasına səbəb olur. Fevralın sonunda Türkiyə Suriyadan olan qaçqınlar üçün Bolqarıstan və Yunanstan sərhədlərini açıb. Yunanıstan mühacirləri qəbul etmək istəmədiyindən sərhəd nəzarətini gücləndirib. Buna baxmayaraq bir neçə həftə ərzində on minlərlə qeyri-leqal mühacir yunan-türk sərhədini keçə bilib. Afina bu vəziyyəti milli təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirib.