Qasim Süleymaninin ölümündə təqsirləndirilən şəxs edam olunacaq

9 İyun 2020 12:15 (UTC+04:00)

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin ölümü ilə əlaqədar olaraq bir nəfər həbs olunub.

Bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Həbs olunan Seyid Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb. Onun haqqında edam hökmü təsdiq olunub”, - deyə Q. İsmaili vurğulayıb.

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. (APA)

AzNews.az