Ədalətsiz yanaşmaya rəvac verməyək

9 İyun 2020 14:05 (UTC+04:00)

Sosial media istifadəçiləri 2 yerə bölünür: istehsalçılar və istehlakçılar.

Birincilər informasiya istehsal edir, müvafiq tezislər hazırlayır və onu yayımlayırlar. İkincilər isə bunları izləyir, oxuyur, münasibət bildirir, yəni trendə uyğun olaraq kimisə lənətləyir, tənə edir və ya alqışlayırlar.

İkincilərin ətrafda baş verən hadisələr haqqında öz fikirləri yoxdur, müstəqil və obyektiv mühakimə yürüdə bilmirlər, yaxud yürütmək istəmirlər, əsasən, xəbər və informasiyaların başlığını oxuyurlar, hadisənin mahiyyətinə, səbəb və nəticə əlaqəsinə yox, "dovşan" sözünə köklənirlər, birincilərin fikirlərini öz dumanlı, səthi düşüncələri üçün “mayak” kimi qəbul edirlər və onlar çoxluqdurlar... İkincilər birincilər üçün təkcə istehlakçı deyil, həm də “xəmir” deyə təbir edə biləcəyimiz xammaldır. Fərq ondadır ki, bu xəmir suyla yox, informasiya ilə yoğrulur. Nəzərə alaq ki, söhbət zərərli informasiyalardan və dövlətə qarşı münasibəti bu kimi zərərli informasiyalarla yoğrulan vətəndaşdan gedir. Belə vətəndaş dövlətdən narazılığı özünə peşə seçir, qanun və qaydaları pozması ilə fəxr edir. O, artıq anarxistdir və əlverişli məqamı gözləyir. Məqam yaranan kimi polis maşınına zibil tullayır. Onun əlinə o zibili verən bəhs etdiyimiz məqsədyönlü sosial media təbliğatı isə bir gün zibili silahla da əvəz edə bilər. Ona görə də, bu cür təbliğata da, təbliğatçılara da qarşı amansız olmaq lazımdır. Anarxist davranışa mərhəmət göstərmək dövləti xaosa sürükləyə bilər. Sosial media tullantısı ilə məişət tullantısı arasında orqanik əlaqə məlum hadisədə özünü büruzə verdi. Artıq sözə nə hacət!

Şərti olaraq birinci adlandırdığımız qisim isə müxtəlif hissələrə bölünüb. Bu rəngarəng platformada dövlətə nifrət edənlər, hakimiyyətə kin bəsləyənlər, qisas eşqi ilə yanıb-tutuşanlar, teokratik dövlət arzulayanlar, saqqalı dizinə dəyən radikal dindarlar, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olanlar, könüllü, yaxud şantaj və təhdid vasitəsilə xarici xüsusi xidmət orqanlarının ştatlı işçilərinə çevrilənlər üstünlüyü ələ almağa çalışırlar, onlar sosial mediada ictimai rəyə yön verməyə cəhd edirlər. Yox, burada “yön vermək” ifadəsi yerinə düşmədi, onların məqsədi ictimai rəyə yön vermək yox, o rəyi formalaşdırmaq, baş vermiş hər hansı hadisə ilə bağlı ilkin təəssüratı özlərinə sərf edən formada montaj etməkdir. İlkin təəssüratın şüurda daşlaşdığı, çox çətinliklə dəyişdirilə biləcəyi hamıya məlumdur. Sonra kütlənin emosiyası dağdan yuvarlanan qar topası kimi getdikcə böyüyür, şişir və nəhayət sərt qayaya dəyib ovxalanır. Azərbaycan dövlətinin varlığından, ölkə başçısının əzm və iradəsindən narahat olan qüvvələrə lazım olan isə məhz bu mənzərədir-toqquşma, qarşıdurma və böhran. Diqqət edin, ölkədə hər hansı xoşagəlməz hadisə baş verən kimi sosial mediada məlum(ştatlı) profil, səhifə, hesablara dərhal hücum əmri verilir, başqa vaxt bir-biriləri ilə didişən bu qüvvələr dövlətə qarşı etmadsızlıq mühiti yaratmağa cəhd edərkən eyni tezisdən çıxış edir, sosial mediada yaratdıqları gərginlik və qarşıdurmanı cəmiyyət həyatına transfer etmək istəyirlər. Radikal müxalifət adlanan, qərəzi və mərəzi şübhə doğurmayan qanad bəzən bunların yanında yalan olur. Əslində, anlaşılandır. Azəbaycan xalqı radikal müxalifətə etimad göstərmir, onlara inanmır, arxasınca getmir, bunun üçün haqlı səbəbləri var. Deməli, hakimiyyətin xalq arasında nüfuzunu aşındırmaq üçün yeni sima və obrazlar lazım idi. Tərəzini önə çıxarıb, qılıncı isə arxalarında gizləyə bilən bu tiplər müsbət reputasiyaya malik, ən azından, elə təqdim edilən, sosial mediada tanınmış, hakimiyyətlə müəyyən dialoqu olan, sözdə novator, arada hakimiyyəti də təqdir edən amma kritk məqamda hakimiyyətə, dolayısıyla, dövlətə göz qırpmadan, amansız zərbə vura bilən obrazlar olmalı idi. Yarada bildilərmi? Sualın cavabını tapmaq üçün sosial medianın Azərbaycan seqmentinə, son günlər baş verən hadisələrə nəzər salmaq kifayətdir.

Nə etməli?

İctimai qınaq mühümdür, tənqid zəruridir. Nöqsanlar da yox deyil. Ölkə başçısı öz çıxışlarında dəfələrlə bu nüansları dilə gətirib. Amma ictimai qınaqla ədalətsiz yanaşmanı, tənqidlə qərəzi, ifşa ilə linçi, dürüstlüklə məkri fərqləndirməyi bacarmalıyıq...

İctimai qınağa tərəfdar olaq, amma ədalətsiz yanaşmaya rəvac verməyək, tənqid edək, amma qərəzə alət olmayaq, ifşa olsun, amma linç məqsədi güdməsin, dürüstlük həyatımızın düsturu olsun, amma dürüstlük pərdəsinə bürünmüş məkri yaxına buraxmayaq. Anrxist, xaotik çağrışlara qarşı mübariz olaq. Bu bizim vətəndaşlıq borcumuzdur! Sosial mediadakı hərcmərcliyə, agent tüğyanına, hər gün daha da dərinləşən dezinformasiya bataqlığına isə dövlət ən sərt formada müdaxilə etməlidir. Bu isə dövlətin borcudur!

Bəhruz HƏSƏNOV