Prezidentin fikirləri təbliğat işlərində əsas stimuldur

9 İyun 2020 14:25 (UTC+04:00)

İndiki dövr özünün fövqəl hadisələrinin dinamikası ilə seçilir. Rəqəmsal dünya artıq hər birimizin həyatına inteqrasiya edib. Dünya beyin mərkəzlərində insanları idarəetmə mexanizmi formalaşdırılır. Lakin bunların fonunda bəzi dövlətlər bu hadisələrdən öz mənfur məqsədləri üçün istifadə edir desək yanılmarıq.

Baş verən hadisələrdə Ermənistan və ətrafında olan diaspora təşkilatların fəaliyyəti artan xətt üzrə dinamikləşib.

Ermənistan Araik Arutyunyanın timsalında Dağlıq Qarabağda davam etdirilən növbəti xunta rejiminin fəaliyyətini pandemiya dövründə xüsusi nəzərə çarpmaması üçün əlindən gələnini etməkdədir. Lakin dərinə baxsaq, fəaliyyət aktivləşib. Vaşinqtonda yerləşən Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Dövlət Departamentinə saysız-hesabsız çağırışlar edir.

Müraciətlərin məqsədi Ermənistana pandemiya ilə mübarizə aparmaq üçün 25 milyon dollar vəsaitin ayrılması ilə bağlıdır. Elə görüntü yaradılır ki, sanki Dövlət Departamenti təcili şəkildə bu maliyyəni ayırmasa, Ermənistanda yüzminlərlə insan virusun qurbanı ola bilər. Vurğulanmalıdır ki, ANCA ABŞ-da ümumiyyətlə fərqli bir Ermənistan obrazını yaratmaqla məşğuldur.

Sanki Ermənistan və dünya erməni diasporası bu işi ANCA-ya həvalə edib. Təşkilat ayrı-ayrı vaxtlarda keçirilən seçkilərdə və ya mümkün təyinatlarda namizədlərin kampaniyalarına tam dəstək verirlər. Namizədlər isə bu "əməyin” qarşılığını vermək üçün ilk növbədə qondarma erməni soyqırımını tanımalı, daha sonra Qarabağ məsələsində ANCA-nın mövqeyini dəstəkləməlidir.

Hələ ANCA-nın seçildikdən sonra onlara ödədiyi külli miqdarda məbləğlər məsələnin başqa tərəfidir. Ki, ermənilər bu barədə bütün faktları gizlətməyə çalışır. Lakin araşdırılmaya ehtiyacı var.

Təşkilat ildə milyonlarla vəsait xərcləyir. Bu yalnız ermənilərin ianələri hesabına deyil. Azərbaycan və Türkiyəyə qarşı məsələlərdə maraqları ermənilərlə üst-üstə düşən lobbi qruplarının da payı az deyil. Qarabağdakı xunta rejiminə başçı təyin olunmuş Arututyan isə demək olar ki, nəinki bütün "alınmış” şəxsləri tanıyır, hətta ATƏT-in Minsk qrupunun bugünə kimi təyin edilmiş bütün sədrləri ilə görüşüb. Zaman-zaman konqresmenlər, senatorlar işğal olunmuş Dağlıq Qarabağa səfər etdikləri vaxtı onunla tanış olmuşlar.

Bu proseslər indi də dayanmadan davam etdirilir. Bir neçə gün öncə ANCA ilə yaxın dostluq münasibətində olan demokratlardan olan senator Bob Menderez 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən 907-ci Maddədə edilmiş düzəlişin yerinə yetirilməsinə dair Dövlət Hesabatlıllıq İdarəsinə müraciət göndərib. Qeyd edib ki, heç bir halda ABŞ Azərbaycana hərbi yardım edə bilməz.

Belə çağırışlar təbii ki, Azərbaycan vətəndaş cəmiyyəti tərəfindən də pislənmılidir və tənqid edilməlidir. Erməni xalqı əsrlərlə eyni mövzunu dəfələrlə qaldırmış, amma uğursuzluqları onları daha da növbəti yalana həvəsləndirmişdir.

Bu barədə ən dolğun fikri Cənab prezident İlham Əliyev yaxınlarda Tərtər rayonuna səfəri zamani demişdir: "Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq.

Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir”.

Bu qəti fikirlər hər bir Azərbaycan vətəndaşı üçün rəqəmsal resurslarda və təbliğat işlərində əsas stimuldur, vacib mənəvi dayaqdır. Biz sosial şəbəkə və xarici təşkilatların qarşısında hər zaman bu məsələni ilk qaldırmalıyıq.

Gülsel Səfərova,

Siyasi təhlilçi, politoloq