Vurulan Ukrayna təyyarəsinə görə 6 nəfər həbs edilib

9 İyun 2020 17:11 (UTC+04:00)

Yanvarın 8-i Tehran Hava Limanından havaya qalxan Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin İran Silahlı Qüvvələri tərəfindən vurulması ilə bağlı indiyədək 6 nəfər həbs olunub.

AzNews.az “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirilən mətbuat konfransında açıqlama verib. Təyyarənin vurulması ilə bağlı istintaqın xüsusi olaraq Silahlı Qüvvələr Məhkəmə Təşkilatı tərəfindən aparıldığını söyləyən İsmaili “Vurulan Ukrayna təyyarəsi işində ekspert qrupları qəza ilə bağlı araşdırmalar aparıb. Qurbanların ailələrinin ədliyyə orqanlarına şikayət edə biləcəyi açıqlanıb”, - deyə bildirib.

Onun sözlərinə görə, qəzada ölən 70 nəfərin yaxınları istintaq prosesində iştiraka cəlb edilib. “İndiyə qədər altı nəfər həbs olunub. Onlardan üçü təzminat müqabilində sərbəst buraxılıb, üçü isə hazırda həbsdədir” ,- deyə İsmaili qeyd edib.