“Azərbaycan hər cür fövqəladə halda öz vətəndaşlarını qorumağa qadirdir”

12 İyun 2020 07:57 (UTC+04:00)

“Məlum olduğu kimi yeni növ kornavirus infeksiyasının (COVİD-19) yayılması əksər dünya ölkələrinin həyatını iflic edib. Az ölkə var ki, bu infeksiyaya qarşı mübarizədə müsbət mənada fərqlənə bilir. Təbii ki, müsbət mənada fərqlənən həmin ölkələr arasında Azərbaycan xüsusi olaraq diqqəti cəlb edir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, ölkəmizin koronavirus infeksiyasının yayılmasına qarşı atdığı addımlar, həyata keçirdiyi tədbirlər əksər dünya ölkələri üçün nümunə təşkil edir:

“Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan hər cür fövqəladə vəziyyətdə öz vətəndaşlarının qorunması üçün çevik addımlar atmağa hazırdır və buna qadirdir. Yeni növ koronavirus infeksiyası ölkəmizdə qeydə alınan andan bu günə kimi görülən işlər onu deməyə əsas verir ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı müxtəlif istiqamətləri əhatə edən mübarizə tədbirləri yüksək səviyyədə təşkil olunub.

Dövlət mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün özünün bütün imkanlarını səfərbər edib. Heç şübhəsiz ki, Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində görülən işlər sırasında əhalinin sağlamlığının qorunmasına yönələn tədbirlərin önəmini xüsusi olaraq vurğulamalıyıq”.

Vüqar İskəndərov əlavə edib ki, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı da deyilənləri bir daha təsdiqləyir. Deputatın sözlərinə görə, daha üç modul tipli xəstəxananın istifadəyə verilməsi COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir:

“Xatırladım ki, modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Bildiyiniz kimi, modul tipli birinci xəstəxana bir ay bundan əvvəl, mayın 7-də açılıb və hazırda bu xəstəxanaların sayı dördə çatıb. Dövlət başçısının mayın 7-dəki açılış mərasimində qeyd etdiyi kimi bu xəstəxanaların sayı 10-a çatmalıdır.

İyunun 9-da üç modul tipli xəstəxananın açılışındakı çıxışında bir daha bu məqama toxunun Prezident İlham Əliyev “Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək” deyib.

Bəli, bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə çərçivəsində əhalinin həyatının qorunması bütün digər məsələlərdən önə çəkilib. Yəni dövlət başçısının bəyan etdiyi kimi əsas vəzifə insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir”.

AzNews.az