Həm ermənilər, həm də dünya ictimaiyyəti bilməlidirlər ki... - Etibar Məmmədov

12 İyun 2020 08:02 (UTC+04:00)

“Bu ideya çox ciddi ideyadır və həmin torpaqların bizə məxsus olduğunu bütün dünyaya sübut etmək baxımından da olduqca əhəmiyyətlidir”.

AzNews.az xəbər verir ki, bu fikirləri AMİP lideri Etibar Məmmədov Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, öz ata-baba yurdlarından qovulmuş insanların öz tarixi torpaqları uğrunda mübarizə aparmaq hüququ var və bu məsələdə cəmiyyət olaraq hər kəsin dəstək verməsi lazımdır.

"Bu ideyanın gerçəkləşməsi ideoloji mübarizədə vacib vasitə kimi qiymətləndirilməlidir. Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızı işğal altında saxlayan Ermənistandan İrəvanı, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çoxdan çatıb.

Həm ermənilər, həm də dünya ictimaiyyəti həmin torpaqlara olan iddiamızın heç vaxt aradan qalxmayacağını bilməlidirlər".