Bakıda gimnastika üzrə birləşmiş yarışlar keçiriləcək

31 May 2013 07:24 (UTC+04:00)
Azərbaycan Gimnastika Federasiyası 7-8 iyun tarixlərində yenidən üç idman növü (idman gimnastikası, akrobatika və tamblinq) üzrə birləşmiş turnir keçirəcək.

Üçlü yarışlarda 107 gimnast iştirak edəcək.

Gimnastlar paytaxtın beş idman cəmiyyətini (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonu idman məktəbi, "Neftçi" və "Təhsil" cəmiyyətləri), o cümlədən Sumqayıtı təmsil edəcəklər.

Yarışın birinci gününün səhər və günorta sessiyalarında güzəştsiz mübarizənin olacağı gözlənilir, axşama doğru isə qaliblər müəyyən olunacaq. Akrobatlara və tamblinqlə məşğul olan idmançılara gəldikdə isə onların yarışı iki gün davam edəcək.

Azərbaycan Gimnastika Federasiyası artıq belə yarışları keçirmək təcrübəsinə malikdir. İlk belə turnir ötən ilin sonunda keçirilib və həm iştirakçılar, həm də tamaşaçılar arasında müsbət rəy formalaşdırıb.

Yarışa olan böyük maraq həm də turnirin ilk dəfə ölkənin ən çox tələb olunan idman komplekslərindən biri - "Sərhədçi"də keçirilməsidir. Yeri gəlmişkən, bədii gimnastika üzrə növbəti ölkə birinciliyinin də iyunun 21-22-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilməsi planlaşdırılır.

Yarışların başlama vaxtı - 10:00
Keçirildiyi yer: "Sərhədçi" İdman Olimpiya Mərkəzi
Ünvan: Babək prospekti, 23/16
Gediş: "Xalqlar dostluğu" metrostansiyası

AzNews.az